“Torpaq əgər uğrunda ölən varsa Vətəndir!” dedi şairim mənim, mütəfəkkirim mənim, qəhrəmanım mənim..
İgid oğullarımız valideynlərinin doğulub böyüdüyü Qarabağın, öz ata-baba yurdlarının ancaq adını duydular təkcə, görmədən sevdilər, yaşamadan hiss etdilər ətrini, havasını torpağını. Və həmişə xəyallarında bir yurd qurdular, bir gün görmək ümidi ilə yaşadılar.
Həmin oğullar ki 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı, dövlətimizin bütövlüyü,müstəqilliyi uğrunda düşmən qarşısında canlarını sipər etdilər.
Haqq və ədalətin qoruyucuları, Şahidi oldular.
Niyə?-sualını vermədən,qorxmadan fəda etdilər canlarını. Bir ürək deyil, bütün Azərbaycan xalqının ürəyini daşıyaraq atıldılar düşmənin üzərinə. Möhkəm dayandılar, dözdülər, amma irəli addımlamaq üçün qan axdılmasının gərəkli olduğunu da bildilər. Çünki azadlıq, Haqqın bərpa olunması, yeni nəfəs, yeni həyat üçün biriləri fəda etməli idi canlarını. Bu Şərəf və Qürura anadan igid doğulan Vətən övladları nail oldular. Şəhidlik adlanan uca məqama yetişdilər.
Atalarımız: Bu dünyada şirin şey bir Anadır, bir Vətən! -deyiblər. Düşünək ki, Vətən sevdası bir də Haqq eşqi ilə birləşərsə, o zaman onlar üçün qəlbimizdə ucaltdığımız Qəhrəmanlıq abidəsi sonsuz ölməzlik və əbədiyyət qazanır.
Qəlbimizdə hürriyyət, şücaət, rəşadətin rəmzinə çevrilir. İdrak səviyyəmizə sığmayacaq qədər uzun, şərəfli, rəşadətli, möhtəşəm bir dastan yazıb, bizlərə xatirə qoyaraq köçdülər bu dünyadan. Torpaqlarımızın qorunması yolunda canlarından keçən şəhidlərimizin hünəri gənclərimizə örnəkdir.