İnsan Vətənini sevir, çünki hürriyyəti, firavanlığı, haqqı Vətən sayəsində mövcuddur.
Müdrik əcdadlarımızdan bizə miras qalan ana Vətənimizin qəhrəman oğulları bu mövcudluğu xalqımızı illərdir qəlbimizin həsrətlə döyündüyü doğma Qarabağımıza qovuşduraraq yaşatmaq üçün ayağa qalxdı. Vətən müharibəsinin hər keçən günü bu ülvi amal daha da böyüyür, susdurulmuş, basdırılmış haqqımız yenidən dirçəlirdi.
“Cığır” bu dirçəlişi unudulmaz zəfərə aparan qəhrəmanlardan biri, qazi Vəliyev Sakit Vəli oğlunun ailəsinə qonaq oldu. 1995-ci il dekabr ayının 5-i Oğuz rayonunda anadan olub. Daim Vətən sevgisi ilə böyüyən qazimiz 44 günlük mübarizədə öz şücaətini göstərmişdir. Sentyabr ayının 29-u 77 saylı hərbi hissəyə çağırışla getmişdir. Hərbi hissədə 10 gün qaldıqdan sonra “Həmlə” taboruna könüllü olaraq qatılmış və Murovdağına göndərilmişdir.
15 günlük təlimlərdən sonra Füzuli və Xocavənd istiqamətində döyüşə yollanan qazimiz öz şücaətini göstərməyə davam etmişdir.
Füzulinin son 2 kəndi uğrunda döyüşə qatılan igidlərimiz bu zamana qədər bir sıra yüksəkliklər və postlar ələ keçiriblər.
Xocavənd uğrunda başlanan döyüşlər zamanı Vəliyev Sakit noyabr ayının 4-ü yaralanır. Qolunda qəlpə yarası və travma ilə Füzuli, daha sonra Neftçala xəstəxanasına göndərilir. 13 günlük müalicədən sonra tamamlanma bölməsinin tərkibinə qatılır.
Vətən müharibəsinin parlaq qəhrəmanlarından olan qazimiz 3 medalla təltif olunub:
“Döyüşdə fərqlənməyə görə”,
“Füzulinin azad olunmasına görə”,
“Cəbrayılın azad olunmasına görə”.