“Cığır” MDİD İB müxtəlif layihələrin həyata keçirilməsindən ilhamlanaraq tarixdə kiçik izini qoymaq və gələcək nəsillərə mirasını ötürmək üçün bəzi nəşrlərin həyata keçirilməsini vacib sayır.
“Yetim deyib keçməyin, axtardığınız çıraq o ola bilər. Dünyanı qaranlıqdan aydınlığa çıxaran kitab bir yetim qəlbinə endi. Nur özünə məkan olaraq yetim qəlbi seçdi. Atası olmayan, Ruhdan pay alan İsa da ölülərə ruh verdi.
…Quranın əmri qəlblərə şəfadır.
Yetim deyib keçməyin… Özünüzü şəfadan, səfadan, nurdan, salamdan məhrum etməyin.”
“Dəryalar mürəkkəb olsa, ağaclar qələm gözəlliyi, sevgini, mərhəməti yazmaqla bitməz. Nöqtə başlanğıcdır. Su zərrəsi, su damcısı kimi… Nur zərrəsindən yarandı mərhəmət, ana şəfqəti. ‘Övladıma məktub’ sevgi, nəsihət, şəfqət, mərhəmət zərrəsidir. Övlad zəhmətdən rəhmətə dirilişdir. Qurumuş ağacın yarpağı ümidlərin işartısıdır. Ağaclar su zərrəsi ilə bar verər. Övladlar sevgi zərrəsi ilə ümid olar. Övlad mürəkkəbdir, Ana qələm.”
Ramazan… Ramazan Quranımızın doğum ayıdır. Ramazan göylərin qapılarının daim açıq olduğu bir qapıdır. Ramazan sevərək yaradan Allahın sevdiyi qullarına ucu – bucağı olmayan
lütfüdür. Ramazan xəzinəsi, sevgisi, lütfü, mərhəməti geniş olan Allahın sevdiyi qulları ilə görüş
məqamıdır. Ramazan vəhy ayıdır. Qəlbimizi vəhy üzərində kökləyək.
“Kimdir Allaha könül xoşluğu ilə borc verən ki, Allah onu qat-qat artırsın?!”
[Bəqərə surəsi, 245]
Kimdir Allaha könül xoşluğu ilə borc verən?! – ayəsinə cavab insanı başqa sualla qarşılaşdırır. İnsan niyə könüllü olmaq istəyir?
Könüllü olmaq insana nə qazandırır? Könüllü olmaq nədir? …
Könüllülük insanın və yaradılmış hər zərrənin içinə qoyulmuş bir ehtiyacdır. Ehtiyac yardım edilənin deyil, yardım edənindir.
Oxu yoldur. Rahməndən Rahimə səfərdir. Dünyaya müsafir olan Adəm övladı, itirdiyi cənnətdən qazanmağa ümid etdiyi razılıq diyarına doğru istiqaməti axtarır. Müşahidə, təfəkkür ilə azuqə qazanaraq Rahməndən Rahimə gedir. Hər səfərin bir yol xəritəsi, zaman bəlirləyici, məqsəd və məramı itirməmək üçün davamlı xatırlamalara ehtiyacını yalnız mədəniyyəti ilə təmin edir.
Oxu yoldur, mədəniyyətdir, istiqamətdir…
Qadınlar mənasını verən nisə sözü ilə adlanan surə qadın haqlarından, ədalət, yetim və bir sıra mənəvi-əxlaqi dəyərlərdən danışır. Kitabın müəllifi Nisə surəsindən cəm olunmuş ilahi Kəlmələrlə inşa olmanın başlanğıc və nəticəsinə işıq salır. Müəllifin baş qəhrəmanı suallarına cavab tapmış müsəlman xanımdır və əlinizdəki kitabın yaranma səbəbi, məqsədini kəşf etdikdən sonra sualları olan müsəlman xanımların cavablarının ola biləcəyi istiqamətə işıq olmaq istəyindən doğulub.
Kitabda “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin hərəkət şüarı olan “kim xeyirli bir cığır açarsa, o xeyirdən ona pay var” şüarı əsas motiv kimi çıxış edir.
“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.” HEYDƏR ƏLİYEV
Bu kitab “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində keçirilən təlimlər, müəllimlər və tələbələrin elmi məqalələri, könüllü gənclərin layihə təəssüratları, özünütanıtma və yeniyetmələrə yazdıqları məktublar, rəsmi orqanlara ünvanlanan rəsmi sənədlər, əmanət balaların oxu esseleri, oxu mədəniyyətinə təşviq və motivə edən müxtəlif dillərdə oxuma mətnləri, mütəfəkkirlərdən aforizmlər, layihəni əks etdirən rəsmlər və fotoları özündə ehtiva edir.
“Dünyada Salam olsun və insanlar salamda olsun deyə, elçilər salamla gəldilər. Bütün elçilərə Salam olsun. Gözəllikdən danışan, gözəlliyə çağıran elçilər estafeti gözəllik carçılarına verdilər.
Hüseyn Cavid kimi yazarlarımız belə, Gözəlliyə tanrı dedilər. Çünki, Yaradan gözəldir və gözəl əxlaqı sevir.
Və bizlər də gözəl balalara gözəllikdən danışmaq və gözəlliyə, sülhə, salama, sevgiyə, ən gözəl əxlaqa dəvət etmək üçün fürsət verən Gözəl Allaha şükürlər edirik.”
Bu kitab “Cığır” MDİD İB sosial sahibkarlıq fəaliyyəti əsasında, eyni zamanda AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsaqibə qalibi olaraq “Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanmışdır. Sahibkarlıq fəaliyyətinə sosial məsuliyyət əlavə olununca sosial kimliyi təşəkkül tapan insanlar sosial dəyər yaratmağa müvəffəq olurlar. Kitabda sosial sahibkarlığa gedən yolda mənəvi dəyərin əhəmiyyətindən də bəhs edilmişdir. Bu kitabın sosial dəyər qazanmaq istəyən və mənəvi dəyərləri həyatın ümdə mənası hesab edənlər üçün bir yol xəritəsi olacağını düşünürük.
Bu kitablar qəlb işıqlarını digərlərinin həyatına nur tutmaq istəyən, 7-dən 77-yə dünyanı sevgisi ilə xilas etmək arzusu ilə coşub daşan hər bir kəsə xitab edir!
"Bugünün həqiqi universitetləri kitabxanalardır..." Davamlı olaraq hər il keçirilən bu layihəmizin əsas məqsədi əmanətlərimizə kitabları sevməklə qazana biləcəkləri nə qədər çox şey olduğunu xatırlatmaqdır.