Bəqərə 83
Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz üz döndərənsiniz.
Bəqərə 177
Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitablara və rəsullara inanan, Allah yolunda əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb, zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbr edənlərdir. Doğru olanlar onlardır. Müttəqi olanlar da onlardır!