Loqo məqsədi, tarixi, yolu simvolizə edir.
“Cığır” loqo başlanğıc və məqsədi özündə birləşdirməklə iş prinsiplərini də bildirir.
***
Yaz fəslində yenicə pöhrələnmiş yarpağın ilk yaşıl rəngi –diriliş, başlanğıc, ilk addımı simvolizə edir. Açıq yaşıl rəng Yer kürəsini-qadını simvolizə edirsə, mavi Yer kürəsini qoruyan səmanı-kişini simvolizə edir. İki rəngin bir –birindən ayrılmaz olması bir-birini tamamlaması mənası verir. Səma olmadan Yer üzündə həyat mümkün olmadığı kimi, Yer kürəsi də olmazsa səma öz əhəmiyyətini itirir.
***
Yaşıl rəngli İnsan yetişmiş meyvə, qanad şəklində mavi rəngli kitab isə kitab =elm kimi simvolizə edilərək insanı yetişdirən, qoruyub ona həyat verən fakt və səbəblərə işarə edir. Səma ilə Yerin münasibəti kitab ilə insanın münasibətlərinə bənzəyir. Bir birini tamamlayır. Biri olmadan digəri lüzumsuz olur. Kitabın insana verdikləri sayəsində insan dirilir, qanadlanır. İnsanın uçması yalnız elm, biliklə mümkün olur. Kitab insanın qoruyucusu, qanadları və qaranlıqlara işıq salan mayakıdır.
***
Hər şey zərrədən başlayıb hərəkətə keçir. Hərəkələr hərfləri hərəkətə keçirdiyi kimi, zərrələr də niyyətlərdəki informasiya ilə yüklənib istiqaməti bəlirlənir, təyin olunur, müəyyənləşir. Fəzaya atılan kiçik zərrə-toxum səfərə atılır, öz istiqamətinə doğru istiqamətlənir. Zərrə hilal kimi hər gün yenilərək məqsədə doğru irəliləyir. Zərrə-toxum insandır, onun ideyalarıdır, həyat prinsipləridir. Toxum tarıq kimi qapını döyərcəsinə irəli atılır. Tarıq bir ulduzdur, döyülən qapı səsi çıxardır. Tarıq Yaradan Xaliqin and içdiyi ulduzdur. Sabah ulduzu tarıq- gecənin bitməsinə doğru görünür. Tarıq kimi qapı döyərcəsinə sonunda bizim də yetişən meyvəmiz – qapıları döyərək hər kəsi yeni salama – cığırlar açmağa səsləyir. Tarıq doğulur və sonunda elmlə, duayla, iradə, səbr, şükürlə, yetişərək yeni cığırlar açmağa səsləyir. Hər gün öyrənərək, yenilənərək, güc və surətlə üfüqə doğru istiqamətə yönələcək və qəlb qapılarını döyməyə başlayacaq . Tarıq gecə gəlir , gecənin sonunda sabah aydınlığını xəbər vermək üçün qəlbə səslənir . Beləliklə gecənin qaranlığında qəlbi titrədərək onu yeni günlərə səsləyir.
Bildinmi tarıq nədir? Qaranlığı yaran ulduzdur ( Tarıq Surəsi ). Tarıq elə bir toxum və ya elə bir zərrədir ki, yarır, dəlib keçir, titrədir, hər an hərəkətdədir. Yaradılışından hər insan üzərində, ətrafında qoruyucular mövcuddur. Ən böyük parlayan ulduz Quran Ulduzudur. Ulduzla insanlar yollarını təyin edir və tapırlar (Nəhl surəsi).
***
Kitab, dua, hərəkət və səbr, dirilişlə güclənən qoruyucu, yol göstərən ulduz sıxıntının dərin qaranlığında tükənmiş, bitmiş insanın zaman –zaman qəlb qapısını döyən səmavi təsəlli və rahatlıq və müəyyənsizliyin, ümidsizliyin qaranlığını yararaq parçalayan bir aydınlıq yoludur, istiqamətdir. İnsanın qəlb çırpıntılarından daha aydın eşidiləcək səslə və aydınlıqla qapını döyən hərəkətli ulduz yeni hərəkətli cığırlara səsləyən ilahi vəhydir, ilhamdır.
Sanki kimsənin “Ya Rabbi, razı qalacağın işlər görməyə ilham ver: (Nəml surəsi, 19) – duasına cavab olaraq hilal kimi hərəkətli olan qapı döyən tarik yeni işlərə – cığırlara səsləyir.
***
“Hər nə var aləmdə, hamısı var adəmdə”. Qaranlıq, sıxılmış qəlbləri sevgi ilə döyən insanlar bu yola kitabdan ilham alaraq dua işığı və sevgi gücü ilə baş qoyurlar. Sıxıntı içində daralan qəlblərə genişlik olmağı məqsəd edən insanlar bir yarpaq kimi meyvələrini əhatə edərək, onları qoruyaraq, bətnlərdə, mərhəmət içində yetişdirərlər, kitabla qanadlanması üçün onları bir yarpağın meyvəni qoruduğu kimi qoruyaraq, sanki qanadları altına alırlar. Yarpaq toxumdan öncə yetişər, açıq yaşıl rəngli yarpaq yeni diriliş rəmzi olduğu kimi, onlar da hər zaman yeni həyatla zənginləşərək, meyvəni qanadları altına alaraq uçuşlara hazırlayır. Diriliş və qoruma arasında yetişən toxum da gücünü duadan alaraq kitab = elmlə qanadlanaraq yeni ulduzlar kimi fəzaya atılır. Qaranlıq kainatlarda yeni qaranlıq zərrələri həyat cığırına səsləmək üçün baramadan kəpənək çıxarcasına həyata sevgi və salam və gözəllik daşıyan bu meyvələr…
***
Ey insan! Sən sevgi + salam + həsən (gözəllik) yüklü toxumunu səpdikcə səp. “Hikmətlə və gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et” (Nəhl surəsi).
Toxum öz yolunu tapacaq. Öz qabığından bir gün çırtlayacaq. Toxumun nüvəsi, canı, mayası, ilk niyyəti salamdırsa, toxum doğru istiqamətdə mahiyyətinə doğru gedəcək.
Atadan doğulan toxum, ananın rəhmində yetişər, məqsəd mahiyyətinə varmaq. Məqsəd özünə dönüş. Səfər gözəllikdən gəlib – gözəlliyə, Allahdan gəlib – Allaha dönəcəyimiz kimi. Ana bətninə (gizli) – rahminə (rəhmət) yol alan toxum dünya adlı məkana müsafir gələcək. Qaranlıqdan qaranlığa səfər edəcək. Onu aydınladan Kitab olacaq. Çünki, oxumağa gəlir. Qanadları Kitabdır. Oxusa uçacaq. Dualar və Kitab onun doğuşudur, dirilişidir.
***
Diriliş. Nöqtədən nöqtəyə yolçuluq…
Nöqtə başlanğıcdır. Nöqtə sondur. Külli aləm nöqtədən başladı. Bir zərrəyə – nöqtəyə dönəcək.
***
Mirvari sədəf içində qorunub yetişdiyi kimi məqamı çatdığı anda sədəf öz işini bitirmiş olur. Mirvari oradan ayrılmalı, bərraqlığını qorumaq üçün. Yarpaqlar missiyasını yerinə yetirdikdən sonra saralıb solduqlarında şükür halında yenidən torpağa qarışacaq. Kodlanmış missiyalarına torpaq üstündə və altında da olsa davam edəcəklər.
***
Tarıq – quyruqlu ulduzumuz məqsədinə çatdıqda quyruqdan ayrıldığı kimi, yarpaqlar da meyvələrdən şükür və sevinclə ayrılırlar.
***
Varlıq və yoxluq. Varlıqdan da ötə bir var olduğuna sübutdur. Bizim tarıq, meyvə, yarpaq, hərəkət, davamlılıq. Çay sahilində əlimizdəki toz şəklində olan gil bizə nələr danışmır ki… Qaya olub ovulduğundan, küləklə sovrulduğundan, nəmişliklə daşlaşdığından gildən var olunan insana qəlbindəki daşların haradan gəldiyindən xəbər verir. Səs çıxaran gildən yaranan insan. Gilin içində daşlaşmaq üçün münbit şərait gözləyən zərrələr var.
***
Sudan yaranan insan, daşlarını su ilə yu…
***
Sədəfə və ya ana bətninə – rahminə bənzəyən yarpaqlar qurbanlardır. Ana olmaq qurban olmaqdır. İmam olmaq qanadların altına almaqdır. Qoruyaraq, sevərək.
Yetişdirdiyi meyvəsini səmalardan enən qoruyucu Kitabla qorunmağı öyrədən yarpaqlar “Hər kəs ünsiyyətdə olduğunun rənginə boyanır” (Bəqərə) -deyə, Kitabla qanadlanmağı öyrədərək qoruyucu səmanın mavi rəngində olduğuna şahid etdirir.
Qorunmağı, qayğı çəkməyi, sevməyi öyrənən toxum = meyvə = tarıq – insan – elçi səma kimi tərtəmiz, saf cığır carçısıdır. Tələs. İlham əli baharın ilk gəlişinin xəbərini verən yarpaq rəngi ilə simvolizə edilərək irəli uzanmışdır. Hayy olan adına həyata, dirilişə səsləyir cığırı ilə addımlayanları.
***
Ana yarpaqdan aldığı qayğı, mərhəmət, sevgi və dua gücü ilə. Hər zərrə yeni cığır olmaq missiyası daşıyır- deyə tarıq kimi qapı döyür. Yaşıl rəngə sahib olan zərrə Hayy Xaliqin həyat toxumudur. Yeni tarıqların başlanğıcıdır.
Hayy Xaliqdən ilham almadıqca cığır aça bilməyəcəksən. Razı qalacağın işlər görməyə ilham – deyə dua etdiyində, yeni gözəllik qapılarının önündə özünü tapacaqsan. Qapını döy. Yetimin qəlbinin qapısını döy.
***
O qəlbə açılan cığır – sədəqeyi-cariyədir.
Bir toxumdan meşələrin yaranması kimi o qəlbə açılan cığırlar sonsuz gözəlliklərə qapı açacaq.
***
Cığır – sədəqeyi-cariyədir. Sonu olmayan.
***
Siddiq qapı. Doğru qapı. Yeni açılmış yol, bütün addımlar ilk addımın yolu ilə addımlayır.
***
Nöqtə = zərrə
Yaradılış bir zərrədən başladı. Xaliqin ol əmri ilə. Nəsiminin təbiri ilə desək: “Bir sevgi partlayışı baş verdi.”
Bu sevgi qaynaqlı cazibə qüvvəsinə tabe olan kainat (kun) genişləndikcə genişlənməkdədir. Və bu yaradılış bir sirdən xəbər verir: Hər sıxıntıdan sonra bir genişlik var. Həqiqətən hər sıxıntı bir genişliyə yoldur. Hər sıxıntı əslində genişliyin qapısıdır.
***
Dualar üçün açılmış əllər bir hilalı xatırladır. Dualara cavab gəldikcə hilal kimi dualar da yenilənir. Hər dua bir yeni həyata başlanğıcdır. Dua bir istiqamətdir, yöndür. Dua yolun özüdür. Başlanğıcdır.
***
Yarpaqların qorunması altında yetişən meyvə bilir ki, yarpaqlar qurbanlardır və əlbəttə yetişkinlərin duasında yarpaqlar da payını alacaq. Qurban yarpaqlar.
***
Hər kəsin dəyəri onun faydası ilə ölçülür. Faydalı ola bilməyin sirlərindən biri də daim fəaliyyətdə, hərəkətdə olmaqla bərabər hilal kimi yenilənməkdədir.
“İki günü eyni olan ziyandadır” – prinsipinə əsaslanan cığır hər gün elmlə, kitabla, biliklə, müşahidə və təfəkkürlə yenilənməyi həyat qayəsi etmişdir.
Hilal günəşdən işığını alaraq gecənin qaranlığında yolçulara mayak kimi çıraq olmaqla bərabər, yer kürəsinin ayrılmaz bir hissəsidir, ətrafında dövr edərək cazibə qüvvəsi ilə zamana işarə etməklə bərabər özündə bir çox sirləri gizləyir.
***
Cığır böyük yollara çıxmaq üçün ən kəsə yoldur!
Böyük xeyirlərə gedən yollar kiçik xeyir cığırlarından başlayır. Məqsəd kəmiyyət deyil. Məqsəd keyfiyyətdir.
***
Xeyir dolu mərifət cığırı açmaq.
Qanadları kitab olan insanımızın yolu mərifət yoludur.
Ədalət tərəzisinin gözünü doğru tutaraq, mərifət yolçuluğu ilahi dəstək olan dua və kitabla mümkün olacaq və əlbəttə güc yalnız bir əldə mümkün deyil. Cəm olaraq Həqiqətə getmək mümkün. Həqiqətə yol isə sevgidən başlanır, sevgidən qaynaqlanır.
***
Cığırın ümidi: Hər əmanət xeyrə, mərifətə, elmə, gözəlliyə, sevgiyə cığır olacaq.
Günəş şüaları ilə rənglənən dünyamız sevgi ilə də boyanacaq.