“Mülk”

"Mülk"

“Mülk əlində olan nə qədər xeyirxahdır. Və O, hər şeyə qadirdir.” (Mülk, 1)

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

     “Mülk” Azərbaycanda ilk və yeganə mağaza tipli sosial sahibkarlıq layihəsidir. Xeyriyyə məqsədli alış-veriş mərkəzimiz olan Mülk sosial sahibkarlıq layihəsi olaraq bir ovuc qadının zəhmət və fədakarlığından doğuldu. Mağazamızdan edilən hər zərrə alış-veriş sizi xeyirə vəsilə edərək, həm öz ehtiyacınızı ödəmək, həm də başqasının ehtiyacına dəstək olmaq şansı qazanarsınız. Məişət avadanlıqlarından qida məhsullarına, geyimdən gigiyenik ləvazimatlara qədər müxtəlif çeşidli məhsulların satışını həyata keçirən “Mülk” sosial sahibkarlıq mağazasının idarə və işçi heyəti könüllü qadınlar və gənclərdən ibarətdir.

      Artıq 6 ildən çoxdur ki, hər sabah insanları yaxşılıq etməyə təşviq edəcək layihələr və düşüncələr üzərində işləmək üçün oyanırıq. Həyat tərzimizə çevrilən bu missiya bizə mövcud ənənəvi ianə layihələrinə alternativlər və yeniliklər tapmağa sövq edirdi. İnsanların faydalı olacağı daha fərqli sosial sahibkarlıq növləri üzərində düşünmək lazım idi. Hər gün qeydiyyata aldığımız yeni-yeni atası dünyasını dəyişmiş uşaqlar və dul qadınlara həm mənəvi, həm də maddi dəstək ola bilmək üçün də ianələrdən daha artığına ehtiyacımız yaranırdı.
        Qərar verdik ki, insanlara öz gündəlik ehtiyaclarını ödəyərək, sədəqə və ianə etmək fürsəti yaradaq. Bunun üçün məişət həyatımızda tez-tez istifadə etdiyimiz müxtəlif növ ərzaq, gigiyenik vasitələr, geyimlər və qida məhsullarının satışını həyata keçirən mağaza yaratdıq.

Alış-verişiniz sədəqəniz olsun…

Layihənin gedişatı:

      Mülk sosial sahibkarlıq mağazasının aylıq gəliri hesablanır və məhsulların maya dəyəri ilə yeni məhsulların alınmasına ehtiyac duyulan məbləğ ümumi gəlirdən çıxılır. Geri qalan gəlir isə “Hovuz” fonduna yatırılır. Hovuza toplanan məbləğ mövcud layihələrin həyata keçirilməsinə və yeni layihələr yaradılmasına sərf olunur.

      Mərkəz öz adını “Mülk əlində olan Allah nə qədər xeyirxahdır.” (Mülk surəsi, 1) ayəsindən alır. Yaradıldığı ilk gündən mağaza insanlara öz gündəlik məişət ehtiyaclarını halal şəkildə qarşılayaraq, eyni anda, xeyriyyəçiliyə yatırım etməyə və cəmiyyətimizdə həm tənha qadınların, həm də gənclərin həyatında müsbət dəyişiklik yaratmağa imkan yaradır.
Əgər evinizdə ailəniz üçün dadlı təamlar hazırlayarkən və ya övladlarınıza dəftər-qələm alarkən, eyni anda, dünyanı dəyişmək fikri sizə də inanılmaz gəlirsə mərkəzimizə qonaq ola bilərsiz!

"Mülk" sosial sahibkarlıq mağazasının açılış videosu:

Play Video

Sosial mediada bizi izləyə bilərsiniz.