Qazi Camal Alxasov

Qazi Camal Alxasov

Vətənin torpağı, suyu, havası ilə böyüyürük. Ona xitabımız da “ana” kəlməsi ilə başlayır…
Ana və Vətən ikisi də əzizdir insan övladı üçün. Vətən! Sənin vəfalı, igid övladların var, arxan yerə gəlməz!
Qəhrəman yurdun igid oğullarından olan qazimiz Camal! Camalından gülüş əskik olmayan…
Qazi Alxasov Camal İlqar oğlu 2001-ci ildə Sumqayıtda anadan olub. Sumqayıt şəhər 34 saylı məktəbi bitirən Camal 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Milli Orduda piyada sürücüsü olan Camal cəsurluğu ilə seçilirdi. Müharibə başlayanda bir çox Azərbaycan oğulları kimi o da Vətənə sadiqlik borcunu yerinə yetirmək üçün can-başla öndə gedənlərdən oldu.
Qubadlı uğrunda döyüşlərdə olan Camal su maşınını hərbi hissədən gətirmək üçün 3 (üç) nəfər əsgər yoldaşı ilə yola çıxır. Minaatan mərmisi Camal ilə üzbəüz düşür, qəlpələrdən biri sol gözününün sağ küncünə isabət edib. Çox güclü qanaxma başlayıb, hətta o dərəcədə ki, əlini vurulan yerdən qaldıranda qan yoldaşının üstünə tökülüb. Sol əlinin 2 barmağı kəsilib. Qəlpələrdən biri şah damarını yandırdığı üçün qanaxması dayanıb.
Camal deyir: “Komandir bizim olduğumuz yerin yenidən vurulacağını bildirib, bizi 300 metr aralı məsafədə olan kazarmalar istiqamətinə çağırdı .Biz ora doğru qaçmağa başladıq. 10 (on) metr məsafə qalmış yenidən minaatanlardan olduğumuz yer atəşə tutuldu. Partlayış dalğası məni havaya qaldırdı. Sol ayağımı dizdən 4 (dörd) barmaq yuxarı çarpaz kəsdi. Sağ ayağım topuqdan getsə də, qəlpələr sümüyü dağıdıb baldırı təmiz parçalamışdı. Sağ qolum yerə çırpılma nəticəsində sındı. Şah damarımı qəlpə yandırdığı üçün qanaxmam dayandı. Məni zirzəmiyə daşıdılar. 2-3 saat orda qaldıqdan sonra təxliyə etdilər”.
Camalın üzərində həkimlər tərəfindən 7-8 saat çəkən əməliyyat aparılıb. Kəsilən ayaqlarını vurulduğu yerdə basdırıblar.
Atası deyir ki, “Yaralandığını eşidib zəng edib necə olduğunu soruşdum, o, bizə:
“-Heç nə yoxdur, bomba kimiyəm” dedi.
Həqiqətən də, Camal çox pozitiv, həyat dolu gəncdir. Yenə lazım olsa, canla-başla Vətənin müdafiəsinə gedəcəyini bildirdi.
Camal 31 oktyabrda Qubadlıda yaralanıb. “Əsas insanın içidir. Ayaq, falan, boş şeydir. Hər şeyə çarə var.”
Camalın bu sözləri çox şeydən xəbər verir. Həqiqətən də, insanın iç gözəlliyidir önəmli olan.

Camalı tanıdığımız üçün çox şad olduq. Onun ruh yüksəkliyi bizi daha da ürəkləndirdi. Nə yaxşı ki, bizim onlar kimi igid gənclərimiz var…