21.02.2021-ci tarixində “Gözəl düşüncə” layihəsi kimya sevənlərin qəlbini oxşayan, cəmiyyətin əksər hissəsini daim düşünməyə təşviq edən, gündəlik həyatımızın mühim parçasına çevrilən “Kimyəvi rabitə və Quran” mövzusu ilə görüşümüzü dəyərli və faydalı etdi.
BDU Kimya fakültəsi tələbələri Quluzadə Abbas, Səftərova Çiçək, Əhmədova Aynur, Əliyeva Şəfa, Baxşıyev Çingiz, Zülfüqarova Göyçək birgə hazırladıqları geniş və maraqlı təqdimatla çıxış etdilər. Kimyəvi rabitə, onun əhəmiyyəti, yaranması, növləri və digər suallara elmi aspektden nəzər salaraq, hər incə məqamı aydın nümunələrlə izah etməyə cəhd göstərdilər.
Kimyada zəif bağların qırılması, güclü rabitələrin yaranmasına zəmin yaradır. Rabitənin ötürüldükcə daha da çoxaldığını vurğulayan təqdimatçılar “malı pay verdikcə daha da bərəkətləndirən sədəqə”yə bənzədərək rabitəni Quran prizmasından dəyərləndirdilər.
Rabitə və sevginin əlaqəsini təfəkkür edən təqdimatçılar və dinləyicilərin cavabları diqqət çəkdi.
Aydın oldu ki, sevgi bu dünyadakı rabitələrin qurulması üçün ən güclü enerji vasitəsidir.