Vətəni bütöv, xalqını xoşbəxt görmək üçün görən gözlərini, eşidən qulaqlarını, tutan əllərini Vətən yolunda fəda etməyə hazır idi xalqın igid, qorxmaz oğulları. Şanlı bayrağı Qarabağa sancıb, Haqqa şahid olmaq idi qəhrəmanlarımızın tək istəyi.
Haqq istəyinin döyüş ruhuna hakim kəsilən qeyrətli oğullarımızın biri də
Muğumov İlyar Tapdıq oğludur.
O, 8 avqust 1993-cü ildə Oğuz rayonunun Yenikənd kəndində anadan olmuşdur. 2013-cü ildə əsgərliyi bitirən İlyar 2020-ci il sentyabr ayının 28-də hərbi komissarlıq tərəfindən 2-ci Qarabağ mübaribəsinə çağırılır.
Qazimiz Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Həmçinin döyüş yoldaşlarıyla irəliləyərək Yuxarı Veysəlli kəndinin alınmasına da yardım etmişdir.
Düşmən postuna 10-15 metr qalmışkən İlyar yaralanır..lakin ağrı hiss etmədiyinə görə döyüşlərə davam edir. Sonradan ağrıya dözə bilməyən fədakar qazimiz sürünərək 30-40 metr geri çəkilmişdir.. Güllə sağ ayağının baldır hissəsindən girərək bağırsağını deşib, çanaq sümüyünü zədələmişdir.
Qazimiz deyir:
“Güllələr sanki yağış kimi üzərimizə yağırdı. 4 gün mövqeləndiyimiz yerdə qaldıq. Nə yemək, nə də suyumuz var idi. “Quzuqulağı” deyilən ot var, onu yeyirdik ki, susuzluğumuz yatsın. Yuxarı Veysəlli kəndinin arxasında 682 deyilən yüksəklikdə xeyli düşmən var idi. Atışma davam edirdi. Biz isə Allahu Əkbər! deyərək irəli gedirdik. Mən fəxr edirəm ki, işğalda olan torpağlarımızı azad etmək uğrunda döyüşlərlə iştirak etdim.”
“Cığır” İB Haqq savaşçılarının qəhrəmanlıq hekayəsini dinlədikcə fəxr hissi ilə qeyd edir: ” Azad olunmuş hər qarış torpağın özü də 30 illik həsrətə son qoyan igidlərə minnətdardır, çünki o torpaq artıq qəfəsdən çıxan quş tək hürdür və işıqlı sabahımızın, parlaq gələcəyimizin müjdəçisidir.”