“Kim xeyirli bir cığır açarsa, o xeyirdən ona da pay vardır” şüarı altında 6-cı ilini yaşayan “Cığır” ailəsi 21.02.2021 tarixində möhtəşəm onlayn vebinar ilə çıxış etdi.
2020-ci ilin hesabatı ətrafında yığışan insanlara xeyirsevərlərin birliyi nəticəsində əldə olunan nailiyyətlərdən danışıldı.
“Cığır” MDİD İB cəmiyyətimizi əhatə edən pandemiyaya baxmayaraq, öz fəaliyyətini uğurla davam etdirərək 2020-ci ildə “Könüllülük könül işidir” şüarı ilə 14 layihə, 22 tədbir həyata keçirib. Mədəni, təhsil, tibbi-psixoloji və məişət yönümlü bu layihələr könlünün istisindən pay verən dəyərli tələbələr tərəfindən həyata keçirilib.
“Salam Yurdu” təlim-tədris mərkəzi;
“Salam Yurdu” könüllü müəllimlər tərəfindən həyata keçirilən təhsil layihəsidir. Eyni adlı təlim-tədris mərkəzimizdə 104 uşağa riyaziyyat, Azərbaycan dili, ingilis dili fənlərindən onlayn dərs keçirilib. Bununla yanaşı mərifət və masterklass adlı onlayn dərnəklər də fəaliyyət göstərmişdir.
“Sağlam ruhlar” layihəsi;
Könüllü həkimlərin səhiyyə layihəsidir və əsas istiqamət əmanətlərə və dul analara tibbi yardım etməkdir. Eyni adlı layihənin iştirakçıları 287 uşağı, 76 ananı müalicə, əməliyyat etdirərək, dərmanla təmin ediblər. “Sağlam ruhlar” layihəsini maliyyələşdirən isə “50 qəpik ağacı” layihəsidir.
“Gözəl düşüncə” layihəsi;
Hər həftənin bazar günü tələbələrin aparıcılığıyla maraqlı, düşündürücü, təfəkkürə səsləyən elmi mövzular Quranla əlaqələndirilərək fikir mübadiləsi aparılır.
“Cığır” vətənin çətin durumunda öz maddi və mənəvi borcunu yerinə yetirməyi unutmamış, xeyirsevərlərin dəstəyi ilə əsgərlərə ərzaqlar aparılaraq onlara “biz sizinləyik” duyğusunu yaşatmağa cəhd etmişdir.
“Mükaşif” bloqu;
Tələbələr müxtəlif mövzularla əhatələnmiş elmi, bədii, sosial, mövzular haqqında araşdırma edərək kəşfə çıxır və yazılan mətnlər bloqumuzda yerləşdirilir.
Sosial sorğu keçirilməsi;
BDU “sosial iş” tələbəsi Gülşən Rəhimli tərəfindən distant təhsillə bağlı sorğuda orta və ali təhsil müəssisələrindən 1600-dən çox tələbə iştirak etmişdir. Sonda sorğunun nəticələri müəyyən edilərək, aidiyyəti quruma göndərilmişdir.
Pandemiya dönəmində tələbələrdən ibarət mütaliə qrupu yaradılmış və müxtəlif bədii əsərlər əsasında fikir mübadilələri aparılmışdır.
Fəxri qonaqlar sırasında yer alan Sumqayıt Nizami Gəncəvi adına kitabxana klubunun kitabxanaçısı Səadət Allahverdiyeva da çıxışında “Cığır” ailəsinin işlərində uğurlar arzulayaraq öz dərin minnətdarlığını bildirdi.