Şəhid gizir Aslan Hüseynov

Şəhid gizir Aslan Hüseynov

Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədi yaşayır. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçməyi bacardılar. Torpağı vətənləşdirən onlardır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə – Vətənə bağışlayan oğullardır bizim qəhrəmanlar.
Türk şairi Mithat Cemal Kuntay bunu necə dolğun ifadə edib:
“Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, uğrunda ölən varsa, Vətəndir!”
Şəhidimiz Aslan Hüseynov…
Tərtər rayonunun Qaradağlı kəndində kasıb bir ailədə doğulub. Aslan Gizir idi. 7 düşmən tankını məhv edib. Sonuncu əməliyyat zamanı düşmən yerini təyin edib və qəhrəmanımız şəhidlik zirvəsinə yüksəlib.
Şəhidimizin səmimi, şükür dolu ailəsinə, şirin övladlarına şahid olduq.
Özü də ata və ana qayğısından məhrum olan şəhid anası deyir ki, qardaşımı və bacımı kasıbçılıqla böyüdərək özüm ərə verib, evləndirmişəm. Bu zəhmətkeş qadın ailə həyatı qursa da, yoldaşı Rusiyada olduğundan 3 övladını çətinliklə, əziyyətlə böyüdüb. Şəhid anası deyir ki, “Aslanım mənim sağ əlim, yardımçım idi. Əkin işlərində, bazarlıq etməkdə mənə həmişə kömək edirdi. O, Allaha aid idi. Allah onu Özü üçün seçib, yetişdirib, tərbiyə etmişdi. Mən üsyan etmirəm. Televizora baxanda, şəhidlər haqqındakı yazıları oxuyanda düşünürəm ki, bunlar hamısı mənim oğlum kimi eyni insanlardır.”
Şəhidimizin qardaşı da hal-hazırda döyüş bölgəsindədir. Aslanın 7 yaşında Aysu və 5 yaşında Kənan adında iki gözəl balası, əmanəti var. O əmanətlərə sahib çıxmaq isə Azərbaycan xalqı olaraq bizim ən ümdə borcumuz, vəzifəmizdir. Allah canı ilə Vətənə xidmət edən şahid şəhidlərimizin əmanətlərinə layiq olmağı bizə nəsib etsin.