Şəhid Taleh Babayev

Şəhid Taleh Babayev

“Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz.” (Bəqərə, 154)
Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlik haqqa şahid olmaqdır.
İkinci Qarabağ müharibəsinin şəhidlik zirvəsinə yüksəlmiş 2783 nəfər Vətən qəhrəmanlarından biri də Quba rayonunda anadan olmuş Babayev Taleh Xanmurad oğludur. Taleh könüllü şəkildə cəbhəyə yollanmış və Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Üç uşaq atası olan Talehin ailəsi ilə tanışlığımız belə başladı:
Cığır İB-nin Quba könüllüləri orada bir şəhid ailəsi haqqında bizə məlumat verdilər. Vaxt itirmədən könüllülərimiz hərəkətə keçdilər. Quba üzrə təhkim olunan könüllümüz Dilşad xanım Şəhid Talehin yoldaşı Aişən xanımın Bakıya gətirilməsində, yol məsrəflərinin ödənilməsində, Bakıda qonaq edilməsində, 4-cü övladını dünyaya gətirməsi üçün xəstəxanaya yerləşdirilməsində yaxından köməklik göstərmişdir. Respublika xəstəxanası və həkimləri “Biz şəhidlərimizə hər zaman borcluyuq deyərək” təmənnasız şəkildə şəhid xanımına qulluq etdilər. Və bir şəhid əmanəti üçün xalqımızın, xeyirsevərlərimizin göstərdiyi bu diqqət, bu sevgi və qayğı bir daha sübut etdi ki, bu millət üçün şəhid olmağa dəyər.
Xalqımızın vətənpərvər nümayəndələri həm yeni doğulan , həm də evdəki üç bala üçün onların qəlblərini sevindirəcək yeni geyimlər, oyuncaqlar, hədiyyələr aldılar . Bu hədiyyələri ən gözəl şəkildə təqdim etmək üçün Bəyaz Lotus mərkəzinin işçiləri Kəmalə və Aytər xanım ən gözəl incəliklə son toxunuşlarını etdilər, xonçalar hazırladılar. Həqiqətən heyran olduq hədiyyələrin seçilməsində, alınmasında, boxçaların, şarların hazırlanmasında iştirak edən və hadisələrə şahid olan insanların qəlb titrəyişlərinə, xəstəxanadakı həkimdən tutmuş vəzifəsini vicdanla yerinə yetirən işçilərinin həyəcanına. Nə gözəl millətimiz var. Nə gözəl xalqımız var. Yetər ki, şəhid xanımı və balalarının boynu bükük qalmasın, qəlbləri sevinsin deyərək böyük canfəşanlıqla şəhid əmanətinin xəstəxanadan çıxışına hamılıqla hazırlandılar. Çünki biz qələbəmizi şəhidlərimizə borcluyuq və bundan sonrakı tək amalımız, tək düşüncəmiz şəhid və qazi ailələrinə ən gözəl şəkildə dəstək və yanlarında olmaqdır.Allah haqqa şahid olan bütün şəhidlərimizin şəhadətini qəbul etsin.