Şəhid polkovnik-leytenant Qərib Baxşəliyev

Şəhid polkovnik-leytenant Qərib Baxşəliyev

“Cığır” MDİD İB şahid şəhidimiz polkovnik-leytenant Qərib Baxşəliyevin ailəsi ilə görüşə yollandı. 3 seçilmiş bala ilə zamanın necə keçdiyini hiss etmədik. İç dünyalarını rəsmləri ilə danışdılar. Nur üzlü bu balaların hər birinin fərqli dünyası var; rəngli, günəşli, gül-çiçəkli… Məryəm balanın rəsmində bir də ruzi dolu bir ağac var. Bəli, gözəl bala, sən Allahın indindən ruzilənən şəhid əmanətisən! Şəhid atan sənin mələyindir.
Əlinin sakit qəlb dünyası bir axtarışdadır. Dost axtarışında… Amma inanır. İnanır ki, o Dost gələcək və onlar birlikdə uçacaqlar.
Balaca Əhmədimiz “mən atam kimi əsgərəm! Böyüyəcəm, pislikləri öldürəcəm və hündür dağın başında bizi gözləyən atamın yanına gedəcəm” deyir.
O dağın var olduğunu uşaqlara anladan məğrur duruşlu Gülnarə xanım yoldaşının ancaq xeyirsevərliyindən danışdı. “Özündən əvvəl başqalarını düşünərdi həmişə. “Yaxşılıq et, paylaş, bizə qalan o olacaq” deyərdi həmişə Qərib…”
Şəhid ömrü Allahın nuruna şahid olaraq yaşamaqdır. Bu şahid ailənin himayəsində yetim bir əmanət vardı. Neçə illərdir ki, o əmanət balanı öz övladları qədər düşündülər, sevə-sevə yanında oldular.
Başını dik tut, məğrur qadın! Sən diri olan şəhid əmanətisən. Şəhid bildiyi həqiqətdən əmin olur. Əməllərin dünyaya şahid ruzisinin ətrini yaysın! Şahidin duasına ehtiyacımız var.
Bu görüşdə bizə maddi və mənəvi dəstək olan “Texas Qadınlar Xeyriyyə Cəmiyyəti”nin bütün xeyirsevərlərinə təşəkkürümüzü bildiririk.
Qəlbindəki Vətən eşqinə təslim olaraq bu duyğunu şəhadətə çevirən şəhid Qərib Baxşəliyevin 22 may 2021-ci il tarixində 4-cü övladı -Cənnət dünyaya gəldi.
Qəlbimizi saran həyəcanla şəhid əmanətimizin xəstəxanadan çıxışına hazırlandıq.
Çünki Şahidimizin bizlərə əmanət qoyduğu xəzinə aramıza qatılırdı.
Şəhidimizin nur üzlü simasını kiçicik üz cizgilərində əks etdirən əmanətimizin gəlişi mübarək olsun.
Cənnət balamızın dünyamıza Vətən üçün canını fəda edən qəhrəman atasının şahidlik ətrini yayacağına, gözəllik, ümid, dostluq, xeyir və bərəkət gətirəcəyinə əminik, inanırıq.
İnanırıq gözəl körpə balamız, cənnətin qoxusunu səndən alacağımıza, atanın ruhunu səndə duyacağımıza.
Ümid edirik ki, sən atanın adını fəxrlə daşıyacaq və bu ada layiq olacaqsan!
Salam olsun sevgi adına layiq olan şəhidimizin üzərinə!