“Bu gün gərək hər anımız Vətən! – desin.
Qılıncımız, qalxanımız Vətən! – desin.
Ölənlərin əvəzinə, qalanımız Vətən! – desin”.
Xalq şairi Məmməd Arazın bu poetik çağırışı hər bir vətəndaşını Vətən uğrunda birləşməyə, canından keçməyə və heç bir zaman geri addım atmamağa haraylayan dərin misralardır. Vətən hər bir xalqın canı, qanı bahasına qoruduğu əzəli-əbədi məskəni, ali mənəvi dəyəridir. Bizi dünyaya gətirən Ana nə qədər uca tutulursa, ananın da anası sayılan Vətən torpağı “Ana Vətən” deyilərək daha müqəddəs məna daşıyır. 1-ci Qarabağ müharibəsində olduğu kimi 2-ci Qarabağ müharibəsində də Vətən üçün gözünü qırpmadan döyüşə gedən, ölümün pəncəsinə atılan igidlərimiz tarix yazdı. Bugün bu igidlərin sayəsində qələbə sevinci yaşayırıq. Bu müharibədə şəhid olan qəhrəmanlarımızla yanaşı qazi olan, yaralanan neçə-neçə igidlərimizə də ömrümüzün sonuna qədər borcluyuq. Bu igidlərdən biri Şükürlü Cahid Elçin oğlu 1999-cu ildə anadan olub.Cahid İkinci Qarabağ müharibəsi başlayanda orduya çağırılan ilk əsgərlərdəndir. Qəhrəman qazimiz Oktyabrın 8-də, Cəbrayıl istiqamətində gedən döyüşlərdə hər iki ayağı yaralanıb və hər iki ayağında sınıqlar var. Ayağının biri isə həm də yanıb. Cahid 4 dəfə əməliyyat olunub. Bugün Hospitaldan evə göndərilən qazimiz Cahidlə Cığır İB- nin nümayəndəsi Dilşad xanım görüşərək, “keçmiş olsun” diləklərimizi çatdırmışdır. Cahidə dəstək üçün birləşən xanımlarımıza və xüsusən də Gulyanə xanıma,Lalə xanıma təşəkkür edirik.