Könüllü kəşfiyyatçı Emin Səfərov

Könüllü kəşfiyyatçı Emin Səfərov

Vətən sevgisinin bənzərsiz tərcümanları olanları ruhumuzla hiss edirik. Müharibəyə könüllü gedənlərin qəlblərində Vətənə dərin məhəbbət olmasaydı, onlar böyük sevgi yolunun yolçularına çevrilə bilərdilərmi?!
Ailəsinə “məni müharibəyə çağırıblar” deyib, əslində isə könüllü cəbhəyə yollanan Vətən sevdalılarından biri Səfərov Emin Nizami oğlu.. 1986-ci il təvəllüdlü Emin 34 yaşını Vətən müharibəsində, ön cəbhədə tamamladı.
Vətənin bu çətin günündə ona ehtiyacı olduğunu bilərək, sentyabrın 29-u könüllü olaraq Orduya yazılıb. Oktyabrın 1-i isə cağırışla müharibəyə yollanıb. Özü kəşfiyyatçı olub. Ön cəbhədə topçu, pulemyotçu olaraq, Goranboy Ballı qayada, sonra Tərtər-Bərdə istiqamətində, daha sonra Ağdərə-Murovdağda vuruşub. Daha sonra Şuşaya və Ağdama göndərilib. 2 övladı var. 13 yaşındakı qızı Aygünün 2-ci dərəcəli ürək çatışmazlığı olduğundan 5 yaşında ikən H.Əliyev fondu xətti ilə əməliyyat olunub, ürəkdəki 2 yırtıq tikilib. Aygün bəzən ürəyə bağlı nəfəs darlığı yaşayır. Oğlu Adəm isə 2 yaşındadır.
Əsgərin həyat yoldaşı Pərvanə xanım 2-ci qrup əlildir, xroniki astmadan əziyyət çəkir.
Pərvanə xanımın qardaşı da qazidir, iflicdir, atası da 1-ci qrup əlildir.
Pərvanə xanım müharibə başlayanda, hələ həyat yoldaşının könüllü yazıldığını bilməyəndə, ona: “birdən bizi qoyub gedərsən” deyib. Amma Emin “Mən Vətən xaini deyiləm” cavabını verib. Vətənə olan sədaqətini, sevgisini hər şeydən üstün tutan Eminin çox çətin həyatı olub. Evləri olmadığından maşın qarajlarında yaşayıblar. Və 15 ildir ki, kirayədə qalırlar. Ata ailənin ehtiyaclarını qarşılamaq üçün 2 yerdə işləyib, bir işdən çıxıb o biri işə qaçırmış. İki ay idi ki, düzənli işə düzəlmişdi.