Vətəninin keşiyində duran, Vətən müharibəsində əsgərlərimizlə birlikdə qorxmazcasına döyüşən qazimiz
Kərimduxt Tərlan Elçin oğlu..
2001-ci il təvəllüdlü Tərlan 2020-ci il, yanvar ayından həqiqi hərbi çağırışla əsgər gedib. Ağdərədə qulluq edib. Tərlan deyir ki, erməni ilə aramızda 23 metr məsafə var idi, onlar orada asqıranda biz eşidirdik. Ağdərə-Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib. Onun və əsgər yoldaşının yanına minamyot düşüb partlayıb. Əsgər yoldaşının ayağını amputasiya ediblər. Tərlanın isə hər iki ayağına 100-ə yaxın qəlpə girib, sağ əlinin son iki barmağının vətəri sınıb və barmaqlar bitişib. Tərlanı əsas da çeçələ barmağı narahat edir, çünki hərəkətsizdir. Partlayışın təsirindən bağırsaqları çölə çıxıb, sinəsindən göbəyinə kimi açıq əməliyyat olunub, 30 tikişi var. 1 metr bağırsağından kəsilib. 3 və ya 6 aya yenidən əməliyyat olunacaq. Hal-hazırda bağırsağı çöldədir. Dalağı da çıxarılıb. Nənə-baba ilə Sumqayıt yolunda gecəqonduda yaşayırlar. Özündən başqa 21 yaşlı qardaşı var. Uşaqları nənə və babası böyüdüb.
Tərlan çox qürurlu oğlandır. Yaşadıqlarına görə əsəbləri çox oyaqdır. Amma keçdiyi müharibə yolundan bizə çox səbrlə danışdı. Tərlanın müəlliməsi də bizimlə birlikdə getmişdi. O deyirdi ki, uşaq vaxtından hər iki qardaş çox qürurlu olub və hər zaman bir-birlərini qoruyublar.
Tərlan bizimlə çox təsirli bir hadisəni bölüşdü: “Cəbhə yoldaşımızın yanında mərmi partladı. O yoldaşımız parçalandı, amma ondan tapdığımız 1 hissəni tez götürdük ki, itkin kimi qalmasın.” Yaşadıqları çox ağır səhnələr..
Balaca kişilər sanki bir gecədə böyüdülər. Qazimiz Tərlana dualar edərək oradan ayrıldıq. Allah bütün qazilərimizə şəfa versin..