Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix.
Şəhidlərin evini axtararkən sadəcə bir kəlmə “şəhidin evini axtarırıq” sehrli kəlməsindən sonra insanların üz cizgiləri dəyişirdi. Baxışlar “sən nə mübarək insansan” deyirdi sanki. İnsanların dəyişən çöhrəsi artıq çox şeydən xəbər verirdi.
Dəmirçilər kəndinin girişində bir neçə insana yaxınlaşanda heyranlıq bizi fəth etdi.
-Hansı şəhidin? sualı ilə qarşılaşanda artıq müxətibimiz bizə yaxınlaşdı və çöhrəsindəki dəyər qəlbimizi titrətdi.
Şəhid Şamil İsmayıllı -cavabını alan həmkəndli doluxsundu.
–Bilirsiniz o, çox yaxşı insan idi.
-Bütün şəhidlərimiz haqqında belə eşidirik.
-Yox, yox o elə belə oğlan deyildi. Bu kəndin ən gözəl insanı idi. o, qızıl oğlan idi, kişi idi.
Şəhidimiz Şamil 2011-ci ildə hərbi xidmətə çağırılıb. 1il 6ay hərbi xidmətini başa vurduqdan sonra , 2013-cü ildə yenidən hərbi xidmətə yollanıb, ancaq bu dəfə Maxe olaraq. 2020-ci il sentyabrın 27-i başlayan Vətən müharibəsində şəhid olub. Şəhidimizin 2 yaşlı Nərgiz və 5 aylıq Səma adında iki qız övladı var.
Uşaqların hər 2sində atasının siması vardı. Şəhidimizin nuru sanki onların simasına yansımışdı. Atası Səmanı hələ qucağına almamışdı. Səmanın gözlərində qəlbimizi titrədən qəribə aura vardı. Bu aura bütün evdə hiss olunurdu. Duyğuları sözlərlə ifadə etmək çətindir, sanki şəhidimiz ordaydı…
Yoldaşı 3 ildir evli olduqlarını və yoldaşını çox az gördüyünü və ona doymadığını deyirdi.
Baba çox həlim, yumşaq insan idi. Oğlundan qürur və hüzün qarışıq hisslərlə danışırdı.
Nə gözəl idi şahid olaraq şəhid olanları tanımaq…