“Cığır” MDİD İB olaraq bu dəfə cənub bölgəsinə salam apardıq. Kənd-kənd, oba-oba dolaşaraq Masallının Qarallalıq kəndindən olan şəhid gizirimiz Elvin Əzizovun ailəsi ilə görüşdük. Daxilən əsl müsəlman ailəsini anımsatan bu insanlar olduqca qonaqpərvər və mehriban idilər. Ailə üzvləri Elvin ilə fəxr edir, hər an, hər dəqiqə ona rəhmət diləyirlər. Lakin anası bircə şeydən gileylənirdi ki, oğlunu TV kanallarında göstərmirlər, insanların əksəriyyəti onun şanını tanımır. Biz isə anaya oğlunun bizlər üçün necə dəyərli, necə əlçatmaz bir zirvənin nümunəsi olduğundan danışdıq, “televiziya nəticəsində deyil, sadəcə olaraq, Allah sizi bizim qarşımıza çıxardı”, deyərək ona təskinlik verdik.
Şəhidimiz bizlərə doğma vətəni ilə bərabər 3 övladını da əmanət edib- Ayxan, Aybəniz, Şəhanə. Ayxanın 9 yaşı var. Azyaşlı olmasına baxmayaraq, öz şəxsi təsərrüfatına sahib olan dostumuz sevgisini öz cücələrinə, buzovlarına da bəxş edir. Atası haqqında olan xatirələrindən bizə bunları danışırdı: “Atam əsgər yoldaşını yaralı halda 3 gün çiyinlərində daşımışdı, onun gözləri döyüş zamanı yanmışdı, atam isə ona “öz gözlərimi sənə verəcəm” demiş, onu sağaldacağına söz vermişdi. O, şəhid olduqdan sonra həmin ailə də bizi ziyarət etdi”.
Kənddə şəhidə və onun ailə üzvlərinə xüsusi qayğı və diqqət vardır. Müəllimlər şəhidimiz üçün şeirlər, rəsmlər həsr edir, şagirdlərə onun qəhrəmanlığından söz açırlar. Qızı Şəhanəni təmənnasız şəkildə dərslərinə hazırlayırlar. Çox çalışqan olan Şəhanə gələcəkdə müəllim olmaq istəyir.
Səfərimiz zamanı öz evlərində bizə namaz qılmağı israr edən ailə, örnək bir söz dedi: “Gəlin şəhid evində namaz qılın, bundan şərəfli nə ola bilər?! Şəhidim də namazda sizinlə bərabər olsun”.
Yola düşərkən ana “Cığır” ailəsinə “şəhid ailəsinin payı bərəkətli olar”– deyərək, çörək ikram etdi. Elimizin hər bucağında şəhid və qaziləri ziyarət edərkən verilən bu nemət bizi həm ruhən, həm cismən ayaqda saxladı, bizə gördüyümüz işin Allah qatında olan mövqeyini bir daha xatırlatdı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.