Şəhid Hüseyn Sultanov

Şəhid Hüseyn Sultanov

“Cığır” MDİD İB-nin ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızla tanışlığı davam edir.

Hər ziyarət etdiyimiz şəhid ailəsində şahidliyin, ədalətin, qəhrəmanlığın boyasına boyanırıq.

Şəhid analarımız qəhrəman övladlarından danışarkən bizlərin də millətimizə zəfər xoşbəxtliyini daddıran, sözün əsl mənasında cəngavər gənclərimizlə fəxr hissi bir daha baş qaldırır ruhumuzda.

Fəda etdiyi canı ilə ruhumuzu yenidən dirildən mübarək ad sahiblərindən biri də Sultanov Hüseyn Fərhad oğludur.

Şəhidimiz Sumqayıt İqtisad Universitetinin Statistika fakültəsində təhsil alıb. Bu sahə üzrə işə daxil olsa da, vətənin dar günündə millətin gələcəyini öz mənafeyindən üstün tutaraq, ikinci Qarabağ müharibəsinə yollanıb. Qusarda bir həftə təlim keçdikdən sonra o, batalyon başçısı kimi döyüşlərə qatılıb.

Qəhrəmanımız Xocavənd uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhadətə yüksəlmişdir.

Şəhidimizin böyük qardaşı Qüdrət Hüseynin mənfi xasiyyəti olmadığını, insanlarla davranışına, münasibətinə çox önəm verdiyini bildirir.

Şəhidimiz əxlaqı, başqalarına hörməti ilə bütün kəndin əzizi və sevimlisi idi.
Milli dəyərlərimizi özündə ən gözəl şəkildə daşıyan bir gənc olub.
Anasını nigaran qoymamaq üçün müharibədə olduğunu gizlədib.

Allah bütün şəhidlərimizə rəhmət etsin, bizlərə bu fədakarlığın haqqını verməyi nəsib etsin.