“Şəhidlərimiz zəfər yaddaşımıza qızıl hərflərlə yazılır”.
Vətənpərvər, igid şəhidimiz Seyfullayev Fərid Xeyrulla oğlu Xüsusi Təyinatlı dəstədə MAXE əsgər vəzifəsində çıxış edirdi. II Qarabağ Müharibəsinin bitməyinə 2 gün qalmış Fərid Şuşada şəhid olub.
Səidə ananın dediyinə görə Fərid pis vərdişlərdən uzaq, çox xeyirxah biri idi. O, son zamanlarda gördüyü yuxu barəsində söyləyir: “Mən yuxuda Fəridin həbsxanada olduğunu gördüm və onun adını səsləməyə başladım. Həmin vaxt Fərid səfərbərliyə gedəcəyini söylədi”.
Fərid əsgərlikdə olarkən anası Səidə onun haqqında yenə gördüyü yuxunu danışdı: “Oğlum əsgərlərin yanında mənə ağlamamağı söyləyirdi və mən yerə oturub başımı oğlumun ayaqları üstünə qoyurdum”.
Fəridin dayısı I Qarabağ Müharibəsində şəhid olub. Şəhidimiz bu barədə söyləmişdi: “Dayım şəhid olanda mən görmüşəm ki, nənəm necə ağlayırdı. Deyirlər ki, ata ocağını oğul yandırır”.
Cəsur şəhidimizin atası 2 il əvvəl rəhmətə gedib. Fəridin hal- hazırda 1 yaş yarımlıq Ayla adında qızı var. Yoldaşı Ağabacı xanım bətnindəki körpəsinin yolunu gözləyir.
Onların qoyduğu əmanətlərə sahib çıxmaq hər bir azərbaycanlının borcudur. Allah şəhidlərimizə rəhmət eləsin.