“Cığır” MDİD İB olaraq ll Qarabağ müharibəsinin qəhrəmanlarından Yevlax rayonunda doğulub boya-başa çatan İsayev Vüsal Firdovsi oğlunun ailəsi ilə tanış olduq.
Yevlaxda ata evində yaşayan həyat yoldaşı və iki azyaşlı əmanətindən bizə torpaqlarımızın qaytarılması üçün canından keçən qəhrəman Vətən oğlu və vətənpərvər insan, gözəl ailə başçısı haqqında danışmaqlarını xahiş etdik.
Şəhid İsayev Vüsal Firdovsi oğlu ikinci Qarabağ müharibəsinə həkim sanitar təlimatçısı kimi kiçik çavuş vəzifəsində qatılıb. O, 38 yaşında bizlərin 28 illik həsrətinə son qoymaq üçün özünü qurban vermişdir.
Döyüş yoldaşları şəhidimizin sona qədər böyük ruh yüksəkliyi ilə döyüşlərdə iştirak etdiyini və şücaət göstərdiyini vurğulayır. Cəbhədə hərkəsin qəlbən sevdiyi və hörmət etdiyi cəngavər idi.
Əziz ailəmiz qəhrəmanımızın xarakterindən, həyatda tutduğu mövqedən də söhbət açdı:
“Çox diqqətli ata, gözəl ailə başçısı olan Vüsal övladlarına qarşı olduqca mərhəmətli idi. Mülayim xasiyyətli, ədəbli, xeyirsevər idi, heç vaxt əlindən gələni əsirgəməzdi, olduqca yardımsevər idi”.
Şəhadətindən sonra iki medalla təltif olunan şəhidimizin Leyla və Firdovsi adlı 2 əmanət övladı var.
Hər gözəl əxlaq sahibinin qoyduğu izi, qəlblərdəki sevgini ailənə çatdırdıq, şərəfli Vətən övladı!
Ruhun şad olsun!