Ramazan Allahın hikmətini paylaşmaq, Quranın hökmlərini haqqı ilə yaşamaq və ən əsası da nemətlərə bol-bol şükür etmək kimi dəyərləri yaşadan və artıran aydır!
“Cığır” ailəsi olaraq on bir ayın sultanını könlümüzün istisindən, mülkümüzdən, sevgimizdən pay verərək yaşamağa və yaşatmağa niyyətləndik.
Hər Ramazan əmanət ailələrimizlə iftar süfrəsində cəm olduğumuz “Ailələrlə iftar” layihəmizi bu il pandemiya şəraitinə uyğun olaraq həyata keçirdik.
Layihə çərçivəsində Bakı daxili rayonlarda ümumilikdə 105 ailə və 187 əmanət balamızı Ramazan iftar payı və hədiyyə bağlamaları ilə sevindirdik.
Hər gün iftar öncəsi könüllü komandamız ailələrin qapısını döydü, Ramazan sovqatını sahiblərinə çatdıraraq əmanətlərin sevgi dolu qəlblərinə, hədiyyə sevinci ilə parlayan gözlərinə şahid oldu.
Cismimizin təmizləndiyi Ramazan ayının mübarək günlərində mənəvi qidamızı ailələrdən aldığımız sevgi və dualar təmin etdi.
Bu təşəbbüsümüzlə xeyirsevərlər və əmanət ailələrimiz arasında xeyir körpüsü yaratmağa, xeyirdə bir-birimizlə yarışaraq Ramazanın sadəcə 1 ay davam edən orucluq deyil, böyük mənada sevgi və şəfqətin paylaşma ayı olduğunu göstərməyə müvəffəq olduq.
Layihəmizə dəstəyinə görə qardaş Türkiyənin “İnsan ve Medeniyet Hareketi Anadolu Vakfı”-na dərin təşəkkürlərimizi bildiririk.
Süfrəsindən pay ayırıb layihəmizə dəstək olan hər xeyirsevərdən Allah qəbul etsin.