Qazi Pərvin Muradov

Qazi Pərvin Muradov

“Cığır” İB “Vətən göz, kirpiklər isə onu qoruyan qəhrəmanlardır” deyiminə layiq olan qəhrəman qazilərlə görüşə davam edir.
Növbəti təvazökar, ancaq eyni zamanda çox ürəkli, qorxmaz qazimiz Muradov Pərvin Məmməd oğludur.
Nümunəvi igidimiz 1988-ci il noyabrın 15-i Sumqayıtda anadan olub. Anası əslən Zəngilandan, atası isə Qubadlıdandır. Hər iki yer də 30 il düşmən tapdağı altında viran qalan torpaqlarımızdır. Pərvin də öz dədə-baba yurdunu geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün Oktyabrın 5-i könüllü olaraq Ordu sıralarına yazılır, oktyabrın 9-u hərbi kommissarlığa çağırılır və oktyabrın 10-u cəbhəyə yollanır.
Bütün igidlərimiz kimi Pərvinin də gözündə qorxu olmur, ancaq bir amal- düşməni öz torpaqlarımızdan qovub çıxarmaq, yad əldən xilas etmək uğrunda döyüşlərdə şücaət göstərir. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirən cəsur döyüşçümüz Oktyabrın 31-i Xocavənddə 8 nəfər döyüş yoldaşları ilə tapşırığa yollanır. Əfsus ki, bu zaman bilmədən minalanmış əraziyə daxil olduqları üçün minalar partlayır. Pərvin iki yoldaşını yaralı olaraq çıxarır, digər əsgər yoldaşı İsmayılov Novruzu çıxarmaq istərkən özü də minaya düşür. Lakin buna baxmayaraq, Novruzu da çıxarır. Fəqət Novruz qanaxmadan Pərvinin yanında haqqa şahid olaraq şəhid olur.
Qazimiz Pərvinin sağ ayağı üç dəfə əməliyyat olunur. Dizdən aşağı dabana qədər İllizarov aparatındadır və daban sümüyünün bir hissəsi yoxdur. Buna görə Pərvin heyifsilənmir, çünki Vətən torpağı uğrunda Allah rızası üçün döyüşüb.
Pərvinin: “90% əsgərlərimiz qorxusuz döyüş meydanlarına atıldılar” cümləsi doğma torpaqlarımızın vətənpərvər oğullar hesabına geri alınmasından xəbər verir.
Əlbəttə, bütün təvazökar qəhrəmanları kimi Pərvin də igidliyindən çox az danışdı, amma bizə bütün duyğularını dəqiqliklə ötürə bildi.
Pərvin çox səmimi bir ailənin mərd övladıdır.
Ordumuzun hər bir qeyrətli oğlu ilə qürur duyur, şanlı tarixi zəfəri bizə yaşatdıqları üçün sonsuz minnətdarlığımızı bildiririk.