Qazi Ezam Xalıqov

Qazi Ezam Xalıqov

Onların hər kəlməsində Vətən var, qələbə var.
“Cığır” İB Vətən keşikçilərindən biri, mübariz igid, Neftçala rayonunun Qoltuq kəndindən olan Xalıqov Ezam Paşa oğlunu tanımaqla şərəfləndi.
Ezam 18 oktyabr ordu sıralarından könüllü olaraq müharibəyə yollanır. Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanca vuruşur. O, Füzulidə gedən qızğın döyüşlərdə qolundan snayper yarası almışdır.
Gözlərindən Vətən eşqi hayqıran qəhrəmanımız yaralanmasını bu cür şərh edir: “Qolumdan yaralandığımı hiss etdim, döyüş yoldaşlarım məni hospitala aparmaq istədiklərini deyəndə etiraz etdim. Qolumu özüm sardım və döyüşə davam etdim”.
Daha sonra gənc qazimiz Xocavənd istiqamətində şiddətli döyüşlərdə böyük əzmlə düşmənlə mübarizə apararkən atılan minamyotun partlaması nəticəsində bir qolunu Vətən uğrunda fəda edir. Ezam həm də sağ gözünün görmə qabiliyyətini də itirmişdir.
Vətənpərvər qazimiz müharibə anlarını xatırlayaraq fəxrlə deyirdi: “Yaralandığımda şəhid olacağımı hiss etdim, dua etdim ki, Allahım, əsgər yoldaşlarımla halallaşmadan məni o məqama yüksəltmə. Gözümü açanda hospitalda idim və xəbərdar oldum ki, döyüş yoldaşlarım şəhadətə qovuşublar”.
Döyüşə sona qədər davam edə bilmədiyini təəssüflə qeyd edən Ezam bildirirdi: “Düşmən ordusu sözün əsl mənasında zəif idi. Bizləri isə savaşa sövq edən bir niyyət var idi: Vaxtı ilə öz ata-baba yurdlarından didərgin düşən ana, bacı, qardaşlarımızı bu gün öz doğma elinə yenidən qovuşdurmaq, 30 illik hüzn göz yaşlarını artıq sevinc göz yaşları ilə əvəz etmək”.
Tarixi zəfərin unudulmaz qəhrəmanları xalqımıza bir daha mətinlik, dözümlülük, Haqqı qorumaq, Vətənə bağlılığın nə demək olduğunu öyrətdi. Qətiyyətlə deyə bilərik ki, azad olunmuş torpaqlarımız Vətən sevgisi ilə əhatələnmiş əmin əllərdədir.