Vətən bağı al-əlvandır
Ətrin gəlir, Xarı bülbül!
Qəhrəmanlığı ilə Vətən bağını haqqın rənginə boyayan hər şəhidimiz mərdlik, rəşadət, vətənpərvərlik nümunəsidir.
Şanlı zəfərimizi bizə yaşadan millətimizin mərd övladları qürur və fəxr mənbəyimizdir.
“Cığır” MDİD İB olaraq bu dəfə Zaməddinov Fərid İmran oğlunun qəlbimizi igidlik və şücaətilə riqqətə gətirən qəhrəmanlıq hekayəsi ilə tanış olduq.
Şəhid ailəsi Fəriddən fəxr, sevgi ilə bizlərə bəhs etdi:
“O, 1986-cı il mayın 11-də Oğuz şəhərində anadan olub. 2003-2005-ci illərdə həqiqi hərbi xidmətdə olan Fərid 2012-ci il müddətdən artıq həqiqi hərbi xidmətdə gizir vəzifəsində qulluq edib.
Qələbəmizin toxumlarından olan Aprel döyüşlərinin iştirakçısı Fərid çox ağıllı, tərbiyəli uşaq idi. O, bağçaya gedəndə atası dünyasını dəyişib.
Döyüşdə olarkən zəng edirdi, amma nigaran qalmayaq deyə oradakı ab-havanı bildirmirdi.
Bizə arxa cəbhədə olduğunu deyirdi. Murovdağ, Talış, Ağdərə, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Şuşa alınan gün çox böyük sevinclə xəbər verdi ki, Şuşa alınıb. Sonuncu dəfə noyabrın 9-u Şuşa alınandan sonra danışmışdıq.
Yanında olan əsgər yoldaşı özü kimi əmanət idi.
Şəhidimiz onu orada qorumaq üçün əlindən gələni əsirgəməyib. Hər iki əmanət top maşınının içində şəhid olub.
Müharibədən qabaq məzuniyyətə gələndə saçları ağarmışdı, mərmi qoyduğuna görə dırnaqları tökülmüşdü. Bir gün qalıb getdi. Yatmağı çox sevən biri idi, amma gələn günü səhər tezdən durub həyətdə gəzirdi ki, orda döyüş gedir mən yata bilmərəm.
Komandirinə zəng eləmişdi ki, onu da aparsınlar, burda qalmaq istəmir. Özü deyirdi ki, haram yeyən şəhid ola bilməz”.
Şəhadətindən sonra şəhidimiz Prezident İlham Əliyevin sərəncamına əsasən Vətən uğrunda medalı ilə təltif olunub.
Şəhidimizin 3 gözəl və ağıllı əmanət övladı var.
6-cı sinifdə oxuyan qızı Nəzrinin simasında sanki atasının məğrur baxışı vardı.
Balaca əkiz övladları, Nərmin və Aqşinin isə böyüyəndə qəhrəman atalarıtək mərhəmətli, vətənpərvər, vicdanlı gənc olacaqlarına inanırıq.
Allah bütün şəhidlərimizə rəhmət etsin!