Qəhrəman babanın qəhrəman nəvəsi.
“Cığır” İB olaraq bu dəfə qəhrəmanlar ailəsi ilə tanış olduq. 1941-1945-ci il İkinci dünya müharibəsi qəhrəmanının, Məmmədağa Abdullayevin nəvəsi Rəşadın ailəsini ziyarət etdik. Qəhrəmanımız 14 sentyabr 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş komandir müavini, kapitan qərargah rəisi, tabor komandiri şəhid Abdullayev Rəşadın ailəsidir. Ana-atanın tək oğlu, 3 bacının bir qəhrəman qardaşı Rəşad Naxçıvanski adına Hərbi liseyini bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. Əsl güclü insanlar kimi kapitan çox mehriban, gülərüz, xeyirxah, mərd, zəhmətkeş, işini, peşəsini sevən və Vətəni uğrunda canından keçməyə hər zaman hazır idi.
Ağdərədə, Kəlbəcərdə, düşməni lərzəyə gətirəcək neçə-neçə əməliyyatda iştirak edir və böyük arzusu Qarabağı alarkən şəhidlik zirvəsinə yüksəlməyə nail olur.
Vəzifə borcunu yerinə yetirəndə çox sayda kəşfiyyatlarda iştirak edərək çox böyük nailiyyətlər əldə etmişdir, hər bir tapşırığın öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev tərəfindən “Az.Res.SQ-nin 90 illiyi” yubiley ordeni, ‘Az.Res.SQ-nin 95 illiyi” ordeni, “Hərbi xidmətə” görə , “Azərbaycan Bayrağı”, “Qüsursuz xidmətə görə”, “Azərbaycan ordusunun 100 illiyi(1918 2018)” yubiley ordeni və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley ordeni ilə təltif edilmişdir.
Kəlbəcərin azad edilməsi əməliyyatında 29.09.2020-ci il tarixində öndə gedib sinəsini sipər edərək 34 düşmən postunu almaqda iştirak edib, üzbəüz ermənilərlə döyüşərək sinəsindən və qarın boşluğundan 2 güllə yarası almağına baxmayaraq, 20 saat yaralı qalıb, amma vəzifəsini yenə də yerinə yetirib. 35-ci postun alınmasının planını cızıb, ayağa qalxıb və yol göstərib. Ailəsinə, sevdiklərinə, qohumlarına çox bağlı idi qəhrəmanımız. Çox tərbiyəli və ağıllı iki övladı var:
6 yaşlı Rüqəyya və 4 yaşlı Rəşad.
Oğlunu özü kimi kəşfiyyatçı və yaxud hərbi həkim kimi, qızını hərbçi və yaxud həkim kimi görməyi arzu edib. Azərbaycan Prezidentinin sərəncamına əsasən, kapitan Rəşad Abdullayev Arif oğlu (ölümündən sonra) Vətən müharibəsi qəhrəmanı adına layiq görülmüşdür. Vətənimizin şanlı oğullarının və qəhrəman babasının davamçısı kapitan Rəşad Abdullayev hər zaman qəlbimizdə yaşayacaq.