Qəhrəmanlar heç vaxt unudulmur. 44 günlük 2-ci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan, doğrudan da, qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətəni darda qoymayıb, doğma od-ocaq, torpaq uğrunda canlarından keçiblər. Belə qəhrəmanlardan biri də yenicə evlərində qonaq olduğumuz qazimiz Dilavərli Yelmar Elnar oğludur. Yelmar 1998- ci il yanvarın 15-də Naxçıvan MR-nın Culfa rayon, Bənəniyar kəndində anadan olmuşdur. 9-cu sinifdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuş, 2016-ci il həmin liseyin məzunu olmuşdur. Daxil olduğu Azərbaycan Hərbi məktəbini 2020-ci ildə bitirmişdir. Təyinatı üzrə Qazax rayonunda leytenant kimi işə başlamış, sonra Şəmkir və Göygöl rayonlarında türk komandanları ilə təlimlərini davam etdirmişdir.
Sonu qələbəmizlə bitən, 30 ildir mənfur ermənilərin işğalı altında olan 2-ci Qarabağ müharibəsinin başlandığı gün 27 sentyabrı Yelmar belə xatırlayır:
“Sentyabrın 27-si Murov dağı yüksəklikləri üzrə hücuma keçdik. Döyüşün ilk günü 3 şəhidimiz oldu. Onlardan ikisinin nəşi tapılıb, birinin isə üstünə minamyot düşdüyündən heç nə tapa bilmədik. Ayın 28-i düşmənin güclü artilleriya atəşi nəticəsində bölüklə birgə həmin istiqamətdən başqa istiqamətə, Koroğlu postuna getdik. Sonra qrupun bir hissəsi hərbi hissəyə döyüşə getmək üçün hazırlaşdı. Mənim qrupum isə şəhərdə qaldı. Şəhər qrupumu götürüb mən də yaxınlıqdakı hərbi hissəyə getdim. Orada da düşmənin güclü atəşi oldu və biz oradan da çıxıb başqa posta getməyə məcbur olduq. Düşmənin iki postuna girdik. Orada şiddətli atəşə məruz qalsaq da, postu düşmənə vermədik, müdafiədə saxladıq. Sonra axşamdan düşmənin hərbi hissəsinə maşınların gəldiyi xəbərini aldıq və səhərə yaxın düşmənin güclü artilleriya atəşinə məruz qaldıq. Yanımda gizirim şəhid oldu. Mən isə qol, baş və burundan qəlpə yarası aldım. Oktyabrın 2-si məni çıxarıb əməliyyata Gəncəyə yolladılar.” Yelmar iki dəfə başından əməliyyat olunub. Baş sümüyünün bir hissəsi çıxarılıb. Hərbiçimiz Yelmarın hərbidəki vəzifəsi qısa çəksə də, Vətən üçün ən böyük vəzifəni yerinə yetirdiyi üçün xoşbəxtdir. Biz isə canı,qanı bahasına bu vəzifəni şərəflə yerinə yetirdiyi üçün ona borcluyuq. Qazimiz bundan sonrakı həyat planlarını yenə də xalqı üçün xidmətə həsr etmək istəyir, ancaq bu dəfə fərqli və daha müqəddəs şəkildə. Yelmarın artıq tək istəyi ilahiyyatçı olmaq və insanlara fayda verməkdir. Ona bu gözəl istəyində uğurlar arzulayaraq Allahdan şəfa dilədik və yenidən bir araya gəlmək üzrə evlərindən ayrıldıq. Hər evlərini ziyarət etdiyimiz qazilərimizlə tanış olduqca bu Vətənin qeyrətini çəkən oğullarımızla qürur duyur və onlara minnətdarlıq hissi keçiririk.