Qazi Nicat İsmayılov

Qazi Nicat İsmayılov

Ey Vətən torpağı, sən nə müqəddəs nemətsən ki, uğrunda şirin canlarını qurban verib, qoynuna atılmaq istəyən igidlərin ulduzların sayı qədərdir. O igidlər ki, xilasın üçün qaziliyi, şəhidliyi özlərinə fəxr və ən gözəl səadət bilirlər.
“Cığır”ın qəhrəmanlıq hekayəsini ilə tanış olub, qəlbinin yenidən fəxr və qürur hissilə dolub-daşacağı növbəti qazi İsmayılov Nicat Vidadi oğludur. Vətən qoruyucusu Nicat 1 yanvar 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Qazimiz evlidir, Mədinə adlı bir qızı var.
Nicat torpaqlarımız uğrunda gedən qızğın döyüşlər zamanı heç bir çağırış olmadan, könüllü olaraq müharibəyə yollanır. O, oktyabrın 24-ü Füzuli istiqamətində gedən döyüşlərdə çənəaltı, sol qol nayihəsindən qəlpə yarası, barıt travması alır.
Qazimiz Xocavənd mərkəzi xəstəxanasında bir müddət müalicə alır, qəlpələr çıxarıldıqdan sonra isə igidimiz yenidən döyüşlərdə qəhrəmancasına iştirak edir. Nicat Şuşa şəhəri Daşaltı istiqamətində gedən döyüşlərdə iştirak edir. Lakin, yaralandığı üçün dekabr ayının 9-u tərxis olunur.
Qazimizin sol gözü zəif görür, sol qulağı isə zəif eşidir, ardı-arası kəsilmədən epilepsiya keçirir.
Nicat deyir: ” Müharibədə əsgər yoldaşlarımızla bir-birimizə qardaş qədər doğma olmuşuq. Bir tikəmizi belə ayrı yeməmişik. İndi də bir yerdəyik.

Allah şəhidlərimizi rəhmət etsin. Qazilərimizə isə şəfa versin, Amin”