Vətənini qorumaq şərəf və mənliyini qorumaq deməkdir!
Azərbaycan xalqı olaraq fəxr edə bilərik ki, Vətən şərəfini arzularından,cavan canlarından üstün tutan, uğruna həyatlarını qurban verməyi bele gözə alan saysız-hesabsız igid oğullara sahibik.
“Cığır”ın ziyarət etdiyi daha bir qazimiz Əlizadə Sadiq Natiq oğludur. O, sentyabrın 21-i 1996-cı ildə Lənkəran rayonunun Şıxakəran kəndində anadan olmuşdur. Müharibə dövründə torpaqlarımızın alınması uğrunda gedən döyüşlərə çağırılır. Sentyabrın 28-i Sadiq Ağcəbədi rayonuna, ordan da Füzuli rayonuna yola düşür. Sadiq Cəbrayıl uğrunda gedən döyüşlərdə komandiri İqbal Bayramovun şəhid olduğunu və bu xəbərin onu tamam çökdürdüyünü söyləyir. Qazimiz Cəbrayıl döyüşləri zamanı bir gün mühasirədə qalır və həmin zaman yaralanır. Ağır xəsarət almasına, hətta döyüş yoldaşlarının, komandirinin dəfələrlə döyüşdən çıxma xəbərdarlığı etməsinə baxmayaraq, o, döyüş meydanında sona qədər mübarizə aparır. Əlizadə Sadiqin olduğu hərbi dəstə Qubadlı rayonuna qədər düşməni məhv edərək irəliləyir.
Qazimiz deyir: “Noyabrın 9-u gecə döyüş bitdi və müharibənin sona çatmasını eşidən erməni döyüşçüləri çox sevinirdilər, çünki artıq orduları çox zəifləmişdi. Biz ermənilərin kökünü kəsmək istəyirdik. Erməni əsgərləri ard-arda təslim olurdular.
Vətənimi qoruduğum üçün fəxr edirəm və hər zaman Vətənin keşiyində durmağa hazıram. Təki, Vətən sağ olsun!“