Bu gün müharibədə iştirak edən mərd və igid qəhrəmanlarımıza baxarkən vətənpərvər, dövlətinə və xalqına sədaqətli, mərd, cəsur Azərbaycan gəncliyini görür, Vətənin keşikçiləri olan bu gəncliklə qürur hissi keçiririk.
“Cığır” böyük rəşadət, şücaət göstərən gənc igidimiz Əhmədov Murad İlqar oğlunu daha yaxından tanımaq ümidlə qazimizin evinə qonaq oldu. Haqq döyüşçüsü Murad may ayının 25-i 2000-ci ildə Neftçala rayonunun Həsənad qəsəbəsində dünyaya gəlmişdir. İkinci Qarabağ müharibəsi gedən zaman sentyabrın 21-i səfərbərlikdən 702 nömrəli hərbi hissəyə çağırılır. O, heç bir tərəddüd etmədən Vətənin müdafiəsi uğrunda gedən döyüşlərə qatılır. Hərbi hissədə bir həftə təlim keçdikdən sonra müharibəyə yollanır. Döyüşlərdə iştirakının onuncu günü isə minamyot atəşi nəticəsində boğaz nahiyəsinin sağ tərəfindən yaralanır. Qazimiz bir müddət Füzuli və Şirvan xəstəxanalarında müalicə alır. Sağaldıqdan sonra isə yenidən döyüşlərə qatılır. Lakin Şuşa istiqamətində gedən döyüşlərdə yenidən ağır yaralanır. Muradın əsgər yoldaşı Ramiz onu yaralı halda döyüş meydanından xilas edir. Qazimiz həyatda sağ qalmasının şükrünü dualarında əks etdirir:
“Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizi və ordumuzu qorusun!”