“Cığır” MDİD İB vətənin keşiyində duran əsgərlərə xeyirsevərlərin təşəbbüsü, sədəqə və qurbanları ilə sevgi və dua ilə hazırlanmış təamlardan pay çatdırdı.
Bu layihəyə “Cığır”ın əmanət anası Könül İbrahimova rəhbərlik edirdi. 6 (altı) il əvvəl ədalətlə ayağa qaldırmağa niyyətləndiyimiz anaların bugün aktiv “Cığır” olmaları, mənəvi dəyərin inkişafı adına yeni təklif və cəhdləri bizi çox sevindirir.
Xeyirsevərlərin qurbanları ətləri, az-çox demədən zərrəsi olmaq istəyənlərin dəstəyi ilə arxa cəbhə olaraq, bu işə niyyətləndik. Xeyri yaymağa niyyətlənən bir ovuc qadın 3 (üç) qurbanlıq qoyun ətinin yarpaq və kələm dolmasını dua və sevgi ilə bükdülər. Soyuqda, bəzən sıxıntıda olan əsgərlərimizin qəlbinə güc olacağına inanaraq hazırlandı bu təamlar. Bükülən dolmalar bişirildi, soyuduqdan sonra yenə şəfqətli qadın əlləri ilə qablaşdırıldı. 200 ədədə yaxın paketlənmiş dolmalar, nənələrimizdən milli mətbəx irsimiz olan əriştə süzüldü, kətələr bişirildi. Və xeyri yaymaq adına “Cığır” yola düşdü. Məsafələrin qəlb səsinə əngəl olmadığından pay göndərdik tutduğumuz boxçalarla…
Dünyanın salama boyana bilməsi sevə bilən qəlblərin vəhdətindən başlayar.
Ədalətlə ayağa qalxan yetim və dul qadın cəmiyyətin aparıcı lokomotivi, gücü olacaq. “Kim xeyirli bir cığır açarsa, o xeyirdən ona da pay vardır” şüarı ilə başladığımız fəaliyyətimizdə artıq analarımız cəmiyyətin, insanlığın ehtiyacı olan yeni, mənəvi cığırlar açmaqdadır.
Sevgi və dua ilə hazırlanan təamların əsgərlərimizin qəlbinə qüvvət, səbat olacağına inanırıq.