Cığır” MDİD İB-nin ziyarətində olduğu Qazimiz Əkbərov Elnur İmamverdi oğlunu sizlərlə birgə tanımaqdan şərəf duyarıq.
Qazimiz 1993-cü il oktyabrın 10-u Ukrayna Respublikasının Sevastopol şəhərində anadan olmuşdur. 2014-cü il MN saylı Hərbi hissədə xidmət edən vətənpərvər igidimiz fərqlənmə ilə tərxis olunmuşdur.
2016-cı il Aprel döyüşləri zamanı könüllü olaraq qeydiyyatdan keçmiş və II Vətən müharibəmizin ilk günlərindən Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanca iştirak etmiş, oktyabrın 3-ü yaralanmışdır.
Qazimiz döyüş xatirələrini də bizimlə bölüşərək deyir: “Düşmən postuna daxil olduqda onların necə zəif olduqlarına şahid olduq. Azərbaycan ordusunun gücündən, hətta gəlişindən belə çəkinirdilər. Azad etdiyimiz müqəddəs torpaqlarımıza ayaq basanda gücümüz daha da artırdı”.
Gənc və cəsarətli qazimiz döyüşdə ayağından və diz qapağından qəlpə yarası almışdır. Qəlpələr çıxarılıb, lakin ayağında 30 tikiş yarası var. Sol qolunu da Vətən uğrunda fəda etmişdir.
Sol qolunu itirsə də, ümidini itirməyən qazimiz deyir: “Əməliyyat sonrası 1 qolum olmasa belə, ayılan kimi ağlımdan keçən dostlarımın yanına qayıtmaq idi. Azərbaycan hərbçisi kimi mən də istəyirdim ki, sona qədər cəsarətlə döyüşüm”.
Həmsöhbətimiz döyüş yoldaşları ilə xatirələrindən də bəhs etdi.
“Komandirlərimiz rütbələrə baxmayaraq, bizimlə çox səmimi və döyüş yoldaşları kimi rəftar edirdilər. Bu bizim döyüş ruhumuzu daha da gücləndirirdi. Hərbçilərimiz arasında yüksək əhval-ruhiyyə vardı. Döyüşə gedərkən amalımız zəfər qazanmaq idi”.
Qazimiz Elnur keçdiyi döyüş yolunu danışanda gözləri Vətənə sevgi hissi ilə parıldayırdı. Biz həm də onun yaşadığı günlərin həyatında ən fəxr və qürur dolu günlər olduğunu hiss etdik.
Qazimizin anası Sevil xanım oğlunun hələ uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüdüyünü və torpaqlarımızı özünün alacağını arzu etdiyini bildirdi.
Mərdlik və cəsarəti ilə hər kəsə nümunə olan qazimiz Ali Baş Komandan Cənab İlham Əliyevin “Füzulinin azad olunması uğrunda” medalı ilə təltif olunmuşdur.
Bu günümüzü sizlərə borcluyuq, Vətən oğulları…
Şuşada asılan bayrağa görə,
Əsirliyi bitən yarpağa görə,
Əsgərim, hər qarış torpağa görə,
Bu günüm, sabahım sənə borcludur. (Turan Rəhimli)