Bu gün “Cığır” MDİD İB adından sədəqələri ilə daim əmanətlərimizin yanında olan şəhidimiz Bəkirli Azadın anası Gülnaz xanımla görüşdük.
Anası Azadın xeyirxah, vətənpərvər övlad olmağından fəxrlə danışdı. Azad döyüşə könüllü şəkildə yollanmış, hətta gözünün zəif olmasını belə gizlətmişdir.
Cənab General Polad Həşimov Azadın komandiri olub. Generalı şəhid olanda Azad and içib ki, onun qanını yerdə qoymayacaq. Azad Bəkirli Füzuli rayonu uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olub.
Şəhidimizin anası onkoloji xəstədir. Oğlu şəhid olmamışdan bir müddət qabaq həyat yoldaşı Rasim bəyi də itirib. Gülnaz xanım Azadın və qardaşının onun qayğısına necə qaldıqları haqqında danışdı.
Ana hər halına şükür edən anadır.
“Oğlumun, yoldaşımın əməl dəftəri açıqdır. Onların savab əməllərini davam etdirəcəyəm”,- deyən ana əmanətlərimizin təhsilinə yardım üçün sədəqə verdi.
Şəhidimizin savab əməlləri məhz ailədən qaynaqlanır. Allah bu ailənin üzərinə rəhmət və bərəkətini yağış kimi yağdırsın.
Səninlə fəxr edirik, cənnət qoxulu şəhidimiz!