Şəhid Azər Qasımov

Şəhid Azər Qasımov

“Gəldi ürəkdəki arzular dilə ,
Silahı məhəbbət, son sözü Vətən.
Şəhidlər göstərdi ölümləriylə,
Ölüm aşağıdır Vətən eşqindən.” (B.Vahabzadə)
Vətənimizin mənafeyini hər şeydən üstün tutan müdafiəçilərimizin keçdiyi döyüş yolu hamımız üçün bir örnəkdir.
Vətənə yüksək məhəbbətlə Şəhidliyi ilə şahid olan Azər Qasımov ..
Tərtərdə bu şəhidi tanımayan yox idi…
Bir insan düşünün, dörd övladı var. Gənc xanımı var. Evi yox, şəraiti yox, amma sevgisi ilə ailəsini isidən oğul, əsgər olmağı tərcih edir. Qızğın döyüşlər zamanı iki dəfə yaralanır. Xəstəxanada yatıb ağır döyüşlərə qatılmamaq, yenidən ailəsinə qovuşmaq kimi fürsətə yiyələnir. Amma “dostlarım şəhid olublar, geri qalan bir əl sayında insanı yalnız qoya bilmərəm” deyib döyüşlərə qayıdır. Ailəsinin də məsuliyyətini daşıyan ailə başçısıdır eyni zamanda. Övladlarına bağlı olan şəhidimiz hər gün zəng edərək 6 aylıq körpəsi Gülayın səsini eşitməkdən güc alarmış. Hər döyüş öncəsi 9 yaşlı oğul-balası Yaqubun çiyinlərinə uşaq yaşından ana bacı məsuliyyəti qoyaraq, “Anan sənə əmanətdir” deyə xitab edərdi. Əmanət sözünün nə olduğunu bilməyən Yaqub, əmanətə yüklənərək, özü əmanətə çevrildi. Yaqub, Yusif və Ayan sanki şəhid atalarının diri olduğunu hiss edirlərmişcəsinə onun haqqında həyatdaymış kimi təbəssümlə danışırdılar: “Atam belə edir, atam bunu sevir…”
Gülayın adını şəhidimizdən sonra Azərin deyə dəyişiblər.
Şəhidin xanımı “onun olmadığına inana bilmirəm, hər gün yenə Gülayın səsini eşitmək üçün zəng etməyini gözləyirəm. Görəsən dünyada ailəsini və övladlarını belə sevən ikinci insan varmı?” deyirdi.
Şəhidin qardaşı isə danışır ki: “Hər kəsin çağırışına cavab verərdi. Xəstəxanaya gətirdiyi şəhidləri və yaralıları görəndə bir insan ağlı və qəlbi hər gün belə görüntüyə şahid olmağa necə dözür? Bir qolu fəaliyyətini tamamilə itirmişdi. Çox yalvardım. Anam da yalvardı. Dedi: “ana səni sevirəm, amma vətən daha əzizdir.””
“Mən orada olmalıyam” deyirdi.
Komandiri “sən bu yaralı qolla burada nə edəcəksən, övladlarınla bir yerdə ol, evdə müalicə al” deyib icazə vermədi. O isə “Bu ağır döyüşlərin getdiyi günlərdə mən xəstəxanada yata bilmərəm, sizi tək qoya bilmərəm” deyib komandiri onu götürmədiyi halda arxadan gedən maşına atlanıb “bir əlli də olsa xidmət edəcəm” deyərək getdi.
Suqovuşan, sən nə qədər əsgərin haqqa qovuşmasına şahid oldun. Artıq o, Suqovuşana qovuşan şahidlərin şahidi oldu. Azərbaycan xalqının Azər oğlu. Yaqub da, Yaquba əmanət etdiyin əmanətlər də, canını fəda etdiyin bu torpağın üzərində nəfəs alan hər azərbaycanlıya əmanətdir. Həqiqətən, şəhid atalar həm ailəsinin, həm də millətinin qürurudur.