Şəhid Elman Məmmədov

Şəhid Elman Məmmədov

Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq!
Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər!
Şəhidimiz Elman Məmmədovu yaxından tanımaq üçün Tərtər rayonunun Ələsgərli kəndinə üz tutduq. Və şəhidimizi daha yaxından tanıdıqca çətin bir həyat hekayəsinin olduğuna şahid olduq. Elman Məmmədov Maxe idi. Çoxdan arzulayırdı bu işi, sənədlərini hazırlayıb vermişdi. Üç-dörd ay idi ki, onu hərbiyə dəvət etmişdilər. Elman Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 3-ü şəhid olub. Oktyabrın 4-ü isə Tərtər rayon, Borsunlu kənd qəbiristanlığında dəfn olunub.
Şəhidimizin həyat yoldaşı Xanım, övladı Adəmi dünyaya gətirəndən 10 gün sonra rəhmətə gedir. Həmsöhbətimiz Xanımın anası deyir:
“-Doğuşdan 10 gün sonra, evdə ikimiz idik. Xanımın halı pisləşdi. Xəstəxanaya çatdırılana qədər artıq iş-işdən keçmişdi.
Xanım ürəyimi üzmüşdü, Elman isə tamamilə qırdı. Ümid edirdim ki, atası var. Başıma bir iş gəlsə də, Adəmin arxası, dayağı odur. Bəs indi?!
Elman da, ailəsindəki bütün insanlar da çox gözəl və mehribandırlar. Qızımı itirdiyim üçün Adəmi məndən ayırmadılar. Artıq onların evləndiyi vaxtdan üç il keçib və biz bir dəfə də olsun bir-birimizdən inciməmişik. Elman çox sadə, mehriban, işgüzar, savadlı idi. Adəmi çox sevirdi. Müharibədən əvvəl Adəmi görməyə gəlmişdi. Adəm ağladı deyə çox üzüldü. Dedi ki, anamgillə də görüşüb tez qayıtmalıyam.”
Axırıncı dəfə anası ilə danışanda deyib ki, “gəlib Adəmi özüm həkimə aparacağam, o niyə gec danışsın ki?…”
Elmanın qardaşı Rahil də müharibənin birinci günündən cəbhədə döyüşürdü. Qardaşının şəhid olduğunu bilib, amma dayanmayıb, son günə qədər döyüşüb. Şükür o, sağ-salamatdır.
Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları az müddətlik də olsa dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar.