Şəhidlik insanın Allaha, Vətənə, haqqa olan sevgisinin həyat-ölüm astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır. Şəhidlər Vətən-Allah, xalq-haqq savaşından məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə, Vətən oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir.
2-ci Qarabağ müharibəsindəki şəhidlərimiz də müstəqil Azərbaycanın müzəffər hərb tarixinin zəfər səhifələrini öz qanları ilə yazaraq əbədiləşdilər, dastanlaşdılar.
Axşam saat 20⁰⁰-i keçmişdi. Evlərinə getmək üçün zəng edib icazə istədik şəhid xanımından. Qapını üzümüzə açan şəhid Hacıyev Ramidin həyat yoldaşı Sevinc xanım idi. Qürurlu duruşu, fəxr dolu baxışı bizi özünə heyran etdi. Şəhidimiz Ramid mayor idi. Son işlədiyi hərbi hissə Tərtərdə yerləşirdi. Ailəsi müharibədən bir gün öncə görmüşdü üzünü. Anası deyir ki, 3 övladımın içində ən çox onu sevirdim. Bütün qohumlara, qonşulara həmişə yardıma tələsərdi. Xeyirsevər idi. Ana öz oğlundan danışdıqca yenə bizi heyrət bürüyürdü. Necə olurdu ki, bütün şəhidlərimiz bir-birinə bənzəyirdi. Sanki , bütün analar sözləşib eyni cümlələri deyirdi şəhidlərimiz haqqında. Sevinc xanım da öz həyat yoldaşı haqqında ancaq xoş xatirələr danışdı:
“Sanki məni hazırlayırdı ailənin başçısı olmağa.”
Şəhidimizin 3 övladı var. Oğlu Əli 8, qızları Dəniz və Yağmur əkizlərinin isə 6 yaşları var. Mayor Ramid Ağdərədə gedən döyüşlərdə iştirak edib. İlk snayper gülləsi ilə vurulur, lakin güllə branjiletə dəyir və əsgər ölümün pəncəsindən bu dəfə qurtulur. Az sonra isə yanına düşən topdan şəhid olur. Nəşi 1 gün ərazidə qaldıqdan sonra götürülərək 2-ci “Fəxri Xiyaban”da torpağa tapşırılır.