Həmrəylik-bölünməzliyi ifadə edən ali anlayışdır. Əsrlərdir tarixin sınaqlarında bölünməyə, parçalanmağa cəhd edilən vətənimizin, millətimizin ən böyük milli mənəvi dəyərlərindən biridir Həmrəylik. Vətənindən sürgün edilən, öz vətənində parçalanaraq bir çay ilə ayrılan insanların hər şeyə rəğmən, qəlblərində bəslədikləri o müqəddəs hissin adıdır Həmrəylik! Dünyanın müxtəlif ölkələrində olmasına rəğmən, Vətən üçün vəhdət ola bilən insanlardır Həmrəylik. Bu hiss 1989-cu ildə həsrət simvolu olan sərhədləri yıxdırdı xalqımıza. Hər zaman vətən üçün canını könül xoşluğu ilə fəda edə biləcək insanlar yetişdirdi yurdumuzda.
“Cığır” MDİD İB 2020-ci ilin son tədbirini “Şəhid ailələri ətrafında həmrəy olaq!” adlı onlayn konfransını böyük şövq və yüksək əhval-ruhiyyə ilə həyata keçirdi. Həmrəylik günü münasibətilə görüşdə 44 günlük Vətən müharibəsində şəhid olmuş əsgərlərimizin övladları, xanımları, qazilər iştirak etdi, “Cığır” əmanət uşaqları öz şeir, musiqi çələngi və duaları ilə qonaqlarda yüksək əhval-ruhiyyə, motivasiya aurası yaratdılar.
Şəhidimiz Yusubov Elzarın xanımı Əliyeva Günalə, Şəhid Polkovnik-leytenant Rəşad Quliyevin həyat yoldaşı Aytən Quliyeva, Zaqataladan kapitan İsmayıl Səmədovun xanımı Bəsti Səmədova çıxış edərək Şəhidlərimizin keçdikləri şərəfli yolun aliliyindən iftixar hissi ilə söhbət açdılar.
Tədbirdə xarici diasporalardan nümayəndələr, fəxri qonaqlar, könlünün istisindən pay verən “Cığır” könüllüləri də iştirak etdi. Tədbiri giriş sözü ilə açan “Cığır” İB-in sədri f.ü.f.d Yeganə Mirzəyeva öz hiss və duyğularını ən səmimi şəkildə ifadə edərək tədbirə qatılan 200-dən artıq iştirakçını salamladı. Fəxri qonaqlar arasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Fuad Rzazadə, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov, Amerikadakı Azərbaycanlı xeyriyyəçilərimizin “Texas” xeyriyyə cəmiyyətinin Bakıdakı nümayəndəsi İbrahim Məmmədəli, “Texas” xeyriyyə cəmiyyətinin digər fəal üvzi Əliyeva Pərvinə xanım, İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin sədri, İsveçrə diasporasının üzvü Arzu Əliyeva, Rusiyanın “İskrennost” adlı dini, ictimai jurnalının, habelə Azərbaycanda və Rusiyada bir çox jurnalların redkollegiyasının üzvü, Beynəlxalq onlayn resurs jurnalının Duma Aparatının baş redaktoru Səfa Kərimli, Regional Gender Mərkəzi ictimai birliyinin sədri Şərqiyyə Dadaşova, AMEA universiteti fəlsəfə f.ü.e.d İradə Zərqanayeva AMEA Coğrafiya institutu, böyük elmi işçi, c.ü.f.d., ADU BM müəllimi Sevinc Məmiyeva dəvətimizə icabət edib məmnunluqla görüşümüzə qatıldılar, çıxışlarında Şəhid ailələrimizin əmanətlərinə əllərindən gələn dəstək və köməyi əsirgəməyəcəklərini vurğuladılar. “Cığır”ın Həmrəylik adı altında təşkil etdiyi bu tədbiri böyük hadisə kimi dəyərləndirdilər.
Tədbirimizdə Qazilərimiz də iştirak etdi və onlardan biri Qazi Şükürov Zaur çıxışında haqq mübarizəsindən danışdı, tədbirə dəvətimiz üçün təşəkkürünü bildirdi.
Dəvət olunan qonaqların tədbiri maraqla izləmələri, səsləndirdikləri ürək sözləri həmrəy olmaq adına yeni-yeni xeyirli cığırların açılması arzusuyla növbəti görüşlər üçün bir ilham mənbəyinə çevrildi.