9-11-ci sinifdə oxuyan əmanətlərimizlə onlayn görüş təşkil etdik.

9-11-ci sinifdə oxuyan əmanətlərimizlə onlayn görüş təşkil etdik.

“Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.”
(N.Gəncəvi)
22.12.20, 23.12.20, 25.12.20-ci il tarixlərində “Cığır” MDİD İB himayə etdiyi 9, 10, və 11-ci sinif şagirdləri – abituriyentlərlə görüş təşkil etdi.
Bu uşaqlar müxtəlif rayonlardan, həmçinin, Bakı məktəblərini təmsil edən “Cığır” əmanətləri idi. “Zoom” vasitəsilə təşkil olunan görüşdə onların təhsil problemləri ilə maraqlanıldı. İxtisas seçimləri ilə bağlı və təhsildə qarşılaşdığı çətinliklər öyrənildi.
2 saat baş tutan görüşdə “Cığır” İB təsisçisi Yeganə Mirzəyeva onların hər biri ilə tək-tək ünsiyyət qurdu, elmlə bağlı dəyərli fikirlər səsləndirdi, motivasiyaedici istiqamətdə söhbət apardı. Görüşdə
ADU – nun Azərbaycan Dilçilik kafedrasının müəllimi Günel Ələkbərova,
BDU-nun Sosial və Pedaqoji psixologiya kafedrasının müəllimi Gülnar Rüstəmova,
AMEA, ADU-nun Regionşünaslıq kafedrası, BM fakültəsinin müəllimi coğ.ü.f.d., Sevinc Məmiyeva,
“Cığır”MDİD İB-nin nəzdində fəaliyyət göstərən “Salam yurdu” təlim-tədris mərkəzinin rəhbəri Günel Abdulməcid də iştirak edərək əziz məktəblilərimizi öz əmək fəaliyyətləri ilə tanış edib, təcrübələrini bölüşdülər. Gələcəyə böyük inamla baxan “Cığır” könüllüləri AZMİU tələbəsi Elbəy Əliyev, AzTU-nun məzunu Rəfiqə Nurullayeva, BDU-nun magistrantı Nisə Nəsirli vebinarımızda böyük şövq və sevgi ilə iştirak etdilər.
Daha sonra yaşadığımız tarixi günlər və Şəhidlik məqamından söhbət açaraq bir sual ətrafında fikir mübadiləsi aparıldı. “Bir şagird Vətənə borcunu necə ödəyə bilər?” -Əlbəttə ki, təhsilinə möhkəm sarılmaqla. Şəhidlər üçün dirənməliyik, güclü olmalıyıq, təhsilimizi gücləndirib bu torpaqlarda firavan, abad, müstəqil, güclü qorunan sərhədlər çərçivəsində yaşaya bilməyimiz üçün canından keçən Şəhidlərimizə olan borcumuzu hərtərəfli təhsilə yiyələnməklə ödəməliyik. Məktəblilərimiz orta təhsilin verdiyi fənlərə bütöv şəkildə yiyələnməli, dəqiq və təbiət elmlərindən xəbərdar olmalı, dərsləri ilə ciddi məşğul olmalıdırlar.
Görüşdə həm də şagirdlərimizdən biri İsmayıllı rayonu 3 saylı məktəbin şagirdi Ülkər Məmmədova Qarabağ döyüşlərində dünyasını dəyişmiş tarix müəllimi Famil Əhmədzadəni də sevgiylə xatırladı. Onun üçün yazdığı şeiri və hazırladığı slaydı təqdim etdi. Və bütün iştirakçıları həzin notlara köklədi.
Biz inanırıq ki, bu görüş abituriyentlərimizə təhsilində daha da irəli getmək üçün təhsil təqaüdü toplamağımıza xeyirli bir vəsilə olacaq. Çünki hər bir şagirdi ayağa qaldırmağın ən gözəl yolu onun təhsilini ayağa qaldırmaqdır. Biz də sizlərin sayəsində bu uşaqların təhsilinə maddi dəstək göstərməyi ümid edirik.