Şəhid kəşfiyyatçı gizir Təbriz İsayev

Şəhid kəşfiyyatçı gizir Təbriz İsayev

Hər doğan gün sabah artıq tarix olur. Amma keçmiş günün tarix kitablarına düşəcəyini hadisələr və insanlar təyin edir.
“Cığır”ın növbəti tarix yazan qəhrəmanı şəhid kəşfiyyatçı gizir Təbriz İsabala oğlu İsayevdir. O, 1993-cü il 12 mart tarixində Cəlilabad rayonunun Böyük Bəcrəvan kəndində anadan olmuşdur. 2014-cü ildə Təbriz XTQ sırasına daxil olaraq Vətəninə şərəflə qulluq etməyə başlayır. Qəhrəmanımız zəfərimizin əsas toxumlarından biri olan 2016-ci il aprel döyüşlərində vuruşmuş, evinə müharibə veteranı olaraq qayıtmışdı. Təbrizin hər zaman bir arzusu qəlbinə hakim kəsilmişdi: Torpaqlarımızı düşməndən azad etmək. Vətən fədakarı Təbriz bu yolda canından belə keçməyə hazır idi. Onun hətta bütün Azərbaycan xalqının illərdir ümdə arzu və istəyinə çevrilən qələbə sevinci Təbrizin Vətən yolunda ilk yaralandığı vaxtdan 4 il sonraya təsadüf etdi. Budur 2020-ci il 27 sentyabrda Təbrizin istəyi artıq reallaşmış, Vətən uğrunda Haqq davası başlamışdı. Bütün Azərbaycan xalqının ürəyinin bir atdığı o gün Təbriz də Vətənin imdadına tələsən qeyrətli oğullarımızdan biri idi.
Cəsur döyüşçü Təbriz və onun əsgər yoldaşları müharibənin ilk günlərində düşmən tərəfindən atılan top mərmisi nəticəsində kəllə-beyin travması alırlar. Gəncə hospitalına yerləşdirilən Təbriz xəstəxanada gözlərini açar-açmaz ailəsinə zəng edir, onları xəbərdar edir və salamat olduğunu bildirir.
Təbriz həmçinin zəng zamanı deyirdi: “Qızğın döyüşlər gedirdi, topun nə zaman partladığını hiss etmədik, gözlərimizi açanda artıq xəstəxanada idik”.
Vətən eşqi, vətənpərvərlik hissi Təbrizi yenidən döyüşə qayıtmağa sövq edirdi.
Təbrizin əsgər yoldaşları onun haqqında belə deyirlər:
“Birdən Təbrizin yanımıza qayıtdığını gördük. Ona hələ tam sağalmadan niyə qayıtmısan deyə əsəbləşdik.
Qəhrəmanımız cavabı isə “Sizlər vuruşarkən mən xəstəxanada rahat yata bilməzdim, sizi tək qoya bilməzdim” oldu.
Təbrizgil ailədə 3 qardaşdırlar. Onun kiçik qardaşı Pərviz də kəşfiyyatçıdır. Pərviz qardaşının yenidən döyüşə qayıtmasını eşidən zaman onu görməyə gedir.
Çox cəld, çevik, məharətlə döyüşən igidimizin arzusu Şəhid olmaq idi. Bu arzusunu həmişə ailəsi ilə bölüşürdü. Şəhadət məqamını sanki öncədən hiss edərək deyirdi: “Şəhidlik ən uca məqamdır. Hər kəs bu məqama yüksələ bilməz. Ora yalnız seçilmiş insanlar layiq olur”
Təbriz isə o zirvəyə 2020-ci il 10 oktyabr tarixində layiq olur. Hadrud istiqamətində gedən döyüşlərdə düşmənin atdığı snayper gülləsi onun Vətən eşqi ilə döyünən ürəyinə tuş gəlir. Şahidimiz çoxdandır arzuladığı Şəhadətinə qovuşur. Doğulduğu Cəlilabad rayonunun fəxri xiyabanında dəfn olunub.
Təbrizin əsgər yoldaşları onun qəhrəmanlığından danışaraq qeyd edirlər:
” Təbriz çox mərd və qorxmaz döyüşçü idi. Dəfələrlə öz canını düşünmədən döyüş meydanına atılaraq yaralı əsgərlərimizi qucağında, çiynində çıxarırdı. O bizim qəhrəmanımız idi”
Şəhidimiz bir neçə fəxri fərman və medallarla təltif olunub.
Təbrizin balaca 4 yaşlı Nazlı adlı qızı və İsa adlı oğlu var. Hələ kiçik yaşında olmasına baxmayaraq, şirin-şəkər Nazlı atasına çox bağlı idi. Təbriz ən sonuncu danışığında da qızına “ata gələcək, sən yeməyini ye və böyü” deyərək onu sevindirmişdi. Təbriz özü ali təhsilli deyildi, ona görə də gələcəkdə övladlarının ali təhsilli olmasını istəyirdi. Əminik ki, şəhidimizin gül balaları böyüyəndə qəhrəman atalarının istəyini yerinə yetirəcək, ağıllı, savadlı gənc olacaqlar.
Təbrizin ailəsi çox mehriban, səmimi bir ailədir.
Təbriz də o ailənin , qohum-əqrəbanın, onu tanıyan hər kəsin sevimli, mərd, hörmətli oğluna çevrilmişdi. İndi isə o şəhidlik zirvəsi ilə bütün Azərbaycan xalqının qəlbində mərd, qəhrəman, igid oğula dönüşərək əbədiyyət qazandı.