Daşın insan qəlbinə və ruhuna ehtiyacı var..
Mən memaram…
“Ətrafdakı hər şey gildir və mən onu məntiqlə deyil, Allahın lütfüylə içimə hopdurulmuş yaradıcı niyyətə tabe etdirərək çalışmağa başlayıram. Mən onda təzahür edəcək ruha tabe olaraq öz səltənətimi qururam…” (A.S.Ekzüperi “Qəsr”romanı)
”Gözəl Düşüncə” layihəsi bu dəfə Azərbaycan Memarlıq və İnşaat Universiteti, 4-cü kurs memarlıq tələbəsi Əliyev Elbəyin təqdimatında ”Ünsiyyət – Memarlıqda və Quranda” mövzusu ilə bizləri təfəkkür cığırında cəm etdi.
Memarlıq və ünsiyyət arasındakı əlaqə, Quranın bu mövzuya baxışı və digər mövzuları milli memarlığımızın ən dəyərli nümunələrindən biri olan İçərişəhərdə yolçuluğundan ilhamlanaraq bizlərə təqdim etdi.
Memarlıqda ünsiyyətin vacibliyindən söhbət açaraq ən gözəl memarlıq abidəsinin belə ünsiyyətsiz yarım, boş, ilhamsız qaldığını incəliklə düşüncəmizə hopdurdu. Müxtəlif video çarxlarla təqdimatını daha da zənginləşdirən təqdimatçı mufsiddən -ünsiyyət bağlarını qırıb dağıtmaqdan muhsinə- ünsiyyət bağlarını qurub, onu qorumağa doğru yol almağımızın gərəkdiyini qeyd edərək dinləyiciləri imar ruha dəvət etdi.
Gələcəyin memarı çıxışın sonunu xalqımızın mədəniyyət abidəsi olan Qarabağımız haqqında böyük ümidlərlə bitirdi: “Muhsin memar olaraq tarixi abidələrimizi ən gözəl ruhda inşa etməyə, gözəlləşdirməyə, abadlaşdırmağa gəlirik.”