“Cığır” ailəsi olaraq Vətəni üçün qəhrəmanca döyüşən, canını qurban verən şəhidlərin evlərini ziyarət edərək onların ailəsi və bizlərə əmanət qoyduğu övladları ilə yaxından tanış oluruq. Hər tanışlığımızda isə şəhidlərin hər birinin ən gözəl əxlaq nümunəsi olduğuna şahid oluruq.
Bu dəfə də yolumuz şəhid Ağayev Zülfi Ağalı oğlunun ailəsinə düşdü. Şəhidin evindəki o qonaqpərvərlik bizə o qədər xoş təsir etdi ki, söhbətimizi bitirib oradan qayıtmaq istəmirdik.
Ailəsi onun necə vətənpərvər, qayğıkeş, xeyirxah insan olmasından qürurla bəhs etdi.
Baş gizir A.Zülfi 01.02.1977 -ci ildə Astara rayonunun Lələkəpeştə kəndində anadan olub. 1995-ci ildə Füzuliyə, hərbi xidmətini yerinə yetirməyə yollanıb. Xidməti başa vurduqdan sonra hərbi kursda gizirliyi oxuyub, 2000-ci ildə gizir rütbəsi alıb və Naxçıvanda baş gizir rütbəsi ilə xidmətə başlayıb. Bir müddət sonra Cəliləbada təyin olunur.
Şəhid Zülfi Ağayev vətəninə, peşəsinə olan sevgisini ll Qarabağ müharibəsində ən gözəl şəkildə ifadə edir. O, öz xəyallarının ardınca getməyi, vətənini, torpağını qorumağı hər şeydən üstün bildi və vətən torpağı uğrunda canından keçərək Füzuli istiqamətində döyüşərkən 27.09.2020 tarixində qəhrəmanca Şəhidlik zirvəsinə ucaldı.
Şəhidimizin 11 yaşında Orxan adlı bir övladı var. Orxan atası ilə bağlı xoş vaxtlarını hələ də gözünün qarşısında canlandırır. Uşaq vaxtı tez-tez xəstələndiyi üçün atası Orxana uşaq həkimi olmağını tövsiyə edir. İndi Orxan atasının arzusunu həyata keçirmək üçün uşaq həkimi olmaq istəyir.
Şəhidlər heç bir zaman ölməzlər. Onlar Allahın indində (Ali-İmran 169) və bizim qəlbimizdə hər zaman yaşayır və yaşayacaqdır.
Şəhidlər ölməz, Vətən bölünməz!