Vətən üçün yaşayıb, həyatınızdan keçdiniz, siz torpağa deyil, qəlblərə həkk edildiniz.
“Cığır” MDİD İB-nin tanımaqla şərəf duyduğu vətən uğrunda gedən döyüşlərdə haqqa şahid olan şəhidlərdən biri baş leytenant İsmət Hacıyevdir.
Qayğıkeşliyi, mehribanlığı ilə qəlblərə iz salmış qəhrəmanımız 1993-cü il yanvar ayının 20-də Qubada anadan olub. Hərbi liseyi uğurla bitirdikdən sonra H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub.
Mübarizliyi ilə nümunə olan igidimiz Aprel döyüşləri ilə yanaşı, 2020-ci il sentyabrın 27-si başlayan Vətən müharibəsində Tərtər-Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlərdə şücaət göstərərək şəhid olmuşdur.
Şahidimizin evində ziyarətdə olarkən bizlərə əmanət qoyub getdiyi qızı və ailəsi ilə yaxından tanış olduq.
Qohumları, dost-tanışı şəhidimiz haqqında olan xoş xatirələrindən bizə söhbət açdı.
O, nəinki mərdliyi ilə, həm də sevgi və mərhəmət dolu qəlbi ilə insanların hörmətini qazanıb.
Millətimiz adından dəyərli ailəmizə minnətdarlıq və hörmətimizi ifadə edərək şəhidlik məqamının mübarəkliyindən söz açdıq. İsmətin və onun kimi yüzlərlə gəncin qəhrəmanlığının daim yaşayacağını, gələcək nəsillərə ən gözəl örnək olduğunu dilə gətirdik.
Hər şəhid ailəsində olduğu kimi İsmətgildə də ailənin məğrur, dəyanətli, mehriban duruşu könlümüzü fəth etdi.
“Vətən uğrunda”, ” İgidliyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunan şəhid İsməti və qəhrəmanlığını əbədiləşdirmək məqsədi ilə küçələrdən birinə onun adı verilmişdir.
Əziz gənc şəhid! Biz səni tanıdıqca bir daha Azərbaycan gənci ilə qürur duyur, Uca Allahdan sizlərə layiq olmağı arzu edirik!