Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. (Məmməd Araz)
Vətəndaş olmaq o millətin adını öz üzərində daşımaqdan ibarət deyil. Vətəndaş olmaq o Vətən uğrunda nələrisə edə bilməkdir.
İkinci Qarabağ müharibəsindən artıq 7 ay ötüb. Şanlı qələbədən sonra “Cığır” MDİD İB şəhid ailələrini tez-tez ziyarət edir. Getdiyimiz hər şəhid yuvasında sevgi və həsrət dolu gözlərə şahid oluruq.
“Cığır” ailəsi olaraq Bakıdan xeyli uzaq olan Daşkəsəndə böyüyüb boya-başa çatan XTQ giziri Abdullayev Şəhriyarın ailəsində qonaq olduq. Ailəsinin dilindən onun Vətənə olan sonsuz sevgisini dinlədik.
Vətənini ailəsi, övladı, canı qədər sevən şəhidimiz ailəsinə daim özünün şəhid olacağı xəbərinə hazır olmalarını deyirmiş. O, kəşfiyyatçı peşəsinə yiyələnərək Vətənə olan borcunu yüksək səviyyədə yerinə yetirirdi.
İgid şəhidimiz Şəhriyar Murov dağı uğrunda gedən döyüşlərdə iştirak edib və Hadrutda gedən qızğın döyüşdə arzusunda olduğu şəhidlik zirvəsinə ucalıb.
Vətənpərvər olmaqla yanaşı qayğıkeş ata, sadiq dost və gözəl həyat yoldaşı olan Şəhriyar, həm də Vətənə layiqli övlad oldu. Öz canı bahasına da olsa Vətənini xilas etdi.
Ruhun şad olsun, igid!