Şəhid Baş Leytenant Rauf Əsgərov

Şəhid Baş Leytenant Rauf Əsgərov

Şəhidlik adi ölüm deyil. Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.

Rauf Əsgərov 1978-ci il noyabrın 2-də Gəncə şəhərində dünyaya gəlib. Qəhrəmanımız 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsində xidmətdə olub. Rauf şəhidin ailəsi olduqca mehriban, səmimi və qonaqpərvər idi. Şəhidimizin 3 balaca, şirin övladı var. Ailəmizin sözlərinə görə, Rauf Əsgərov çox imanlı və vətənpərvər bir ruha malik idi. Xeyriyyəçi, mərhəmətli, bir o qədər ətrafına şəfqətli idi. Hər zaman sədəqə verərək ehtiyaclı ailələrə dəstək olardı.

Bu qayğı və diqqət dolu qəlb sahibi olan igidi müharibə başlayanda müraciətlərinə baxmayaraq, döyüşlərə qəbul etmirlər. Ancaq Rauf Əsgərov ərzaq yardımı ilə cəbhəyə əlindən gələn köməyi daim göstərir. Bir müddət sonra artıq  qəhrəmanımızın cəbhəyə çağırış qərarı gəlir. Beləliklə, Azərbaycan Ordusunun baş leytenantı olan Rauf Əsgərov 2020-ci il sentyabrın 27-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyə yollanır. Uzunmüddətli döyüşlərdən sonra Rauf oktyabrın 26-sı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əsgərini neytral zonadan təxliyə edən zaman qəhrəmancasına şəhid olur.

Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar.