Qazi Taqım Komandiri Mobil Əhmədzadə

Qazi Taqım Komandiri Mobil Əhmədzadə

Cığır” MDİD İB bu dəfə ll Qarabağ müharibəsinin daha bir qəhrəman qazisi, hərbi zabitimiz Əhmədzadə Mobilin ailəsində oldu.

Əhmədzadə Mobil 28 sentyabrdan taqım komandiri olaraq müharibəyə yola düşür.

Keçdiyi keşməkeşli yol nə qədər mürəkkəb olsa da, vətən sevgisi onu daha da mübariz etmişdir. Danışdıqca gözündəki işıq, üzündəki əminlik Mobilin igidliyinə, dəyanətliliyinə sübutdur.

Mobil Şuşa yolunda yaralanaraq 5 gün ac-susuz meşədə qalmış və huşsuz vəziyyətdə olmuşdur. 13 noyabr o əsir düşmüş, ayıldıqda özünü köhnə maşında görmüşdür.

Mobil müharibəni xatırlayaraq qeyd edir: “Gözümü ilk açanda su istədim, başımın üzərində olan nəzarətçi məni vurdu. Onda başa düşdüm ki, əsir düşmüşəm”.

Artıq ikinci dəfə ayıldıqda Mobil iki əli bağlı xəstəxanada idi. Onun yanında bir neçə zabit var idi və Mobilə suallar verirdilər. Mobil suallara cavab vermədiyi üçün müxtəlif işgəncələrə məruz qalmışdır. Bütün bu çətinliklərə baxmayaraq, düşmənə 1 kəlmə belə deməmişdir.

Mobilin dediyinə əsasən, onu hospitaldan həbsxanaya aparıb burda da ona müxtəlif işgəncələr veriblər. Qəlpə keçən topuğu həkimlər iynə ilə daha da dərinləşdirib, baş barmağına spirt töküb, üzünə rezinlə vurub, qolunu və üzünü yandırıblar.

Mobil şanlı qələbəmizi 11 dekabr əsirlikdə öyrənir.
3 dekabr Qızıl Xaç Komitəsinin nümayəndəsi gələrkən Mobil ermənilər tərəfindən gizlədilir.
7 dekabr növbəti dəfə nümayəndələr gələrkən onlar Mobil ilə qarşılaşır və ilk dəfə o, həmin gün ailəsinə məktub göndərir…

Cənab Prezidentimizin uğurlu siyasəti nəticəsində çox qısa zamanda Mobil yenidən Vətənə qayıdır.

Qəhrəman qazimizin döyüş hekayəsini dinlədikcə  müharibənin dəhşət dolu günləri gözümüz önündə canladı.

Lakin Mobil və onun kimi Vətən övladlarının simasındakı nur, gözlərindəki işıq bütün ağrı-acını unutdurur və
“qazilərimiz gələcəyə ümidimizdir”– fikir və duyğusu qəlbimizə hakim kəsilir.

Allahdan bütün qazilərimizə şəfa diləyirik!