Ərazi o zaman Vətənə çevrilir ki, milli ruhla canlanmış olsun.
(Əbu Turxan)
Torpaqlarımıza öz sevgilərilə yeni ruh verən qazilərimizə salam olsun!
“Cığır” MDİD İB qəhrəmanlıq və şücaətilə hər birimizə örnək olan igidimiz Səfərli Kamil Məzahir oğlunun qonağı oldu.
Qazimiz 1999-cu il 18 noyabr tarixində Tərtər rayonunun Cəmilli kəndində anadan olmuşdur.
2019-cu il hərbi xidməti bitirib, oktyabrda MAXE-yə sənəd verən Kamil yanvar ayından etibarən işə başlayaraq Tərtər rayon 341 nömrəli hərbi hissədə xidməti davam etdirir.
Vətən müharibəmizin birinci günü – 27 sentyabr səfərbərliyə çağırılmış və Talış kənd, Suqovuşan istiqamətlərində igidliklə döyüşmüş və daha sonra minaya düşərək qəlpə yarası almışdır.
Qəlpələr qazimizin gözlərinin nurunu, ayaq barmaqlarını ondan məhrum edib. Hazırda qazimizin ayaq barmaqları kaprondur, 80% beyindaxili travma və yüksək beyin təzyiqi əmələ gəlmişdir. Onunla birgə döyüşən əsgər yoldaşı isə qılçasından yaralanmışdır.
Qazimiz qəhrəmanlıq tarixçəsindən söz açaraq deyir:
“27 sentyabr -İkinci Qarabağ savaşının birinci günü Ruslan postunda döyüşlər başlandı. Vətən uğrunda gedən döyüşlərdə əsgərlər igidcəsinə vuruşur və düşmənlə qorxmadan mübarizə aparırdı. Talış kənd istiqamətində döyüşlər başlandı və 3 gün ərzində Talış kəndi zirvə ilə birlikdə igidlərimiz tərəfindən azad edildi.
Döyüşlər Suqovuşan istiqamətində davam etdi və 4 gün yarıma Suqovuşan azad olundu. Oktyabrın 14-ü gecə saat 2-də 6 əsgərlə birgə minaya düşdük. 5 nəfər Şəhidlik zirvəsinə ucalaraq haqq dünyasına qovuşdu. Mən və yanımdakı əsgər yoldaşım çoxlu qəlpə yaraları aldıq. İndi 2 gözümdən və ayaq barmaqlarımdan məhrumam. Bütün bunlara baxmayaraq, mən vətənim uğrunda indi də şəhid olmağa hazıram. Vətən sağ olsun”.
Kamillə söhbətimiz qəlbimizi riqqətə gətirdi. Əziz və gənc qazimiz vətənə sevgisindən, keçdiyi döyüş yolundan qürurla danışarkən bizim də qəlbimizdən keçən fikirlər belə idi: Biz səninlə fəxr edirik, dəyərli qazimiz!
Qəhrəmanlıq nümunəsi olan hər bir qazimizə minnətdarıq!