Qəbələnin Vəndam kəndindən olan qazimiz Əlizadə Əfqan Oruc oğlunu yaxından tanımaq, millətimiz adından təşəkkür etmək və yanında olduğumuzu hiss etdirmək üçün evində qonaq olduq. Qazimizin əziz ailəsi bizi çox səmimi qarşıladı.
Ana qürurla oğlunun qəhrəmanlığından danışırdı. Laçın dəhlizindəki döyüşlərdə iştirak edən qazimiz qəlpə yaraları nəticəsində baş-beyin travması alıb.
Əsgər olaraq məmur özbaşınalığından şikayəti olsa da millətinə, vətəninə, dövlətinə sevgisi hər kəlməsindən hiss olunurdu.
Qazimiz əvvəl oteldə aşpaz işləyirdi, pandemiya səbəbilə hal-hazırda fəhləlik edir.
Ağır günlərə şahid olan qazilərimizin ümidə, onlara ümid olaraq baxılmasına ehtiyacları var. Bildiyimiz kimi, müharibə şəraitində minlərlə əsgərimiz şəhid oldu, yaralanan əsgərlərimiz qazi olaraq açıq alınla geri döndülər.
Bu gün yaşadığımız qələbəni, qalibiyyət hissini onlara borcluyuq.
Onların bu tarixi qəhrəmanlığını yaşatmalıyıq, yaşatdırmalıyıq, gələcək nəsillərin bu qəhrəmanlığı gözlərində canlandırması üçün səylə çalışmalıyıq.
Müharibənin dəhşətindən simasına ağırlıq çökmüş qazimiz biz qapısından çıxanda artıq bizə başqa gözlərlə baxırdı- daha əzmli, daha qürurlu və gələcəyə ümid dolu!