Külək-günəş-bioqaz hibrid enerji stansiyasında qonaq olduq.

Külək-günəş-bioqaz hibrid enerji stansiyasında qonaq olduq.

Dünyanın ilk və hələ ki yeganə külək-günəş-bioqaz hibrid enerji stansiyası olan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində qonaq olduq.
Bizi müşayiət edən AMEA Coğrafiya İnstitutunun böyük elmi işçisi ADU Regionşunaslıq kafedrasının müəllimi, c.ü.f.d. Məmiyeva S. A. yolçuluğumuz boyu külək və günəş enerjisi və növləri haqqında bizi maarifləndirdi.
Enerji stansiyasının idarə və işçi heyəti isə dünyanın sağlam gələcəyi sayılan alternativ enerjinin toplanma üsulları, hasilatı, tətbiq sahələri haqqında dolğun informasiya çatdırdı.
Külək, Günəş və adi qida tullantılarından enerjinin necə alındığını, bu enerjidən hal-hazırda necə istifadə edə biləcəyimizi öyrəndik. Öyrəndik ki, ən böyük yoxsulluq bilgisizlikdir. Çünki olduqca ucuz başa gələn və hər kəs tərəfindən asanlıqla istifadə oluna bilən bu enerji ilə sadəcə büdcəmizi deyil, təbiətimizi də qoruya bilərik.
Bununla yanaşı, “Ağıllı ev” və “Ağıllı şəhər” layihələri ilə tanış olduq. Alternativ enerji ilə işləyən evlərə ekskursiya etdik.
Bu gün hər birimiz üçün sözün əsl mənasında yeni üfüqlər açıldı. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin idarə və işçi heyətinə bizi gözəl şəkildə qarşıladıqları və ən incə detallara qədər məlumat verdikləri üçün təşəkkür edirik.
Dövlətimizin alternativ enerji sahəsindəki gələcək uğurlarının qazanılmasında birgə əməkdaşlığa, yeni layihələrə və maariflənmə işlərinin aparılmasındakı dostluğa bütün səmimiyyətimizlə inanırıq.