Bu dəfə qonağı olduğumuz ailə həm də əmanətimizin yaxın qohumudur- gənc şəhid Sənan Səlimov.
Ana və bacısının ən dəyərlisi olan Sənan bir il əvvəl atasını itirib. Bacısının həm ata, həm də qardaş idi. Anası danışır ki, əsgərlikdə pulunu yığıb anasına 3 toyuq alıb gətirmişdi. Çox incə və sadə görünə bilər, ancaq içindəki sevgi və qayğının nümunəsidir bu addım.
Əsgərlikdə komandir onu özünə yoldaş seçmişdi. Sənanın rəhbərlik etdiyi əsgərləri var idi. Dar ayaqda güvəniləcək adamdır Sənan.
Anası deyir ki, bir müddətdən sonra, ümumiyyətlə, məzuniyyətə gəlmək istəmirdi, xidməti və zəhməti çox sevirdi.
Yurdumuzun hər qarışı qoynunda bir şəhid bəsləyir. Rayon-rayon gəzdikcə və haqlarında ailələləri ilə danışdıqca onların sözün əsl mənasında, heç bir pafos olmadan seçilmiş gənclər olduğunu görürük.
Allah ruziləndirdiyi şəhidlərə bizi layiq etsin!