Qəhrəman şəhidimiz polkovnik-leytenant Nail Orucovun ailəsində qonaq olduq.
Qubadlı, Cəbrayıl, Füzuli bölgələrində qəhrəmancasına döyüşən Nail Qubadlıda şəhid olub.
3-cü sinifdə oxuyan balaca oğlu gördüyü yuxusunu bizimlə bölüşdü: “Məktəbdə sinif yoldaşım “atam gəldi” ,-dedi və mən elə bildim ki, mənim atam gəlib. Mən də sinif yoldaşıma dedim ki, mənim atam şəhiddir. O isə dedi ki, üzr istəyirəm, sənin atanı demirdim, öz atamın gəldiyini deyirdim.
Evə gəldikdən sonra atam gecə yuxuma gəldi. Məni bərk-bərk qucaqladı və dedi ki, oğlum, mən həmişə sənin yanındayam heç yerə getməmişəm“.
Şəhidlər ölməz, onlar ən ali məqam sahibidir.
Həyat yoldaşı deyir, heç vaxt sual vermədim ki, niyə gedirsən? Sadəcə deyirdim ki, özündən muğayat ol, 3 oğlun var. O isə deyirdi ki, “burda 3, orada isə 300 oğlum var. Onları sağ-salamat valideynlərinə çatdırmalıyam”.
Bu məqam sahibləri ən gözəl əxlaqa sahibdir. Onlar başqalarının rifahını özlərinkindən üstün tutaraq həqiqi gözəlliyə qovuşurlar.
Şəhidimiz müharibəyə yollanmazdan əvvəl ailəsinə həyat barəsində danışır. Yoldaşı deyir ki, heç bir sualım qalmayıb həyatla bağlı, hamısını bir-bir cavablandırdı.
Salam olsun adından gözəl söz açdırmağa müvəffəq olan insanların üzərinə.
Salam olsun ən gözəl miras sahiblərinin üzərinə!